Çempionlar Liqasının 1/4 final mərhələsində “Yuventus”la qarşılaşan “Barselona” bu mövsüm ardıcıl ikinci dəfə səfərdən böyük hesablı məğlubiyyətlə dönüb. Apasport.az saytının məlumatına görə, Turindəki 0:3 hesablı yenilgidən sonra kataloniyalıların növbəti dəfə geridönüş edib-etməyəcəyi hər kəs üçün maraqla gözlənilir.
Çünki “Barsa” ötən mərhələdə PSJ-yə səfərdə 0:4 hesabı ilə uduzmasına baxmayaraq, cavab qarşılaşmasında bunun əvəzini artıqlaması ilə çıxıb (6:1) və tarixi qələbəyə imza atıb.
“Yuventus”la dünənki oyundan sonra Çempionlar Liqası tarixinin unudulmaz matçlarını yada salmaq yerinə düşər...
17. “Monako” – “Real” – 3:1
2003/04 mövsümü. 1/4 final
Fernando Moryentesin çıxışını bəyənməyən “Real” onu 2003-cü ildə “Monako”ya icarəyə verib. Madriddə istənilməyən adam Fernando da görünür, “Real”ı istəməyib ki, “Monako” forması altında 1/4 final mərhələsinin cavab matçında onları məyus edib. İlk görüşdə 2:4 hesabı ilə məğlub olan fransızlar səfərdə daha çox qol vurduqları üçün yarımfinala, ordan da finala adlayıblar.

16. “Deportivo” – “Milan” – 4:0
2003/04 mövsümü. 1/4 final
Həmin mövsümün 1/4 final mərhələsində “Milan” ilk görüşdə “Deportivo”nu 4:1 hesabı ilə məğlub edincə, hər kəs cütün taleyinin müəyyənləşdiyini düşünüb. Yalnız la-koruniyalılar bununla razı deyildilər. Öz meydanında möhtəşəm geridönüş edən ispanlar 4 cavabsız qolla rəqibinə faciə yaşadıblar.

15. “Çelsi” – “Barselona” – 4:2
2004/05 mövsümü. 1/8 final
Mourinyo – “Barselona” rəqabətinin başladığı oyun... Səfərdə 1 top fərqi ilə məğlub olan “zadəganlar” cavab oyununda bunun əvəzini artıqlaması ilə çıxaraq, yollarına davam ediblər. Cavab görüşündə dubl edən Ronaldinyonun dayandığı yerdən vurduğu ikinci qol isə hələ də yaddaşlardan silinməyib.

14. “Mançester Yunayted” – “Fənərbaxça” – 0:1
1996/97 mövsümü. Qrup
40 il idi ki, avrokuboklarda evində məğlub olmayan “Mançester Yunayted”in bu seriyasına “Fənərbaxça” son qoymuşdu. Öz meydanında 0:2 hesabı ilə yenilən “sarı-lacivərdlilər” səfərdə Elvir Boliçin yeganə qolu ilə ingilislərə şok yaşatmışdı. Buna baxmayaraq, qrup səddini “Fənər” yox, “qırmızı şeytanlar” keçmişdilər.

13. “İnter” – “Barselona” – 3:1
2009/10 mövsümü. Yarımfinal
Mourinyonun “Barselona”nı üstələdiyi növbəti qarşılaşma. “Cüzeppe Meatsa”da hesabı Pep Qvardiolanın komandası açsa da, “neradzurra” yarım saat ərzində 3 dəfə rəqibi mərkəzə dəvət edib. Cavab qarşılaşmasında “Barsa”nın 1 cavabsız qolu kifayət etməyib və finala adlayan “İnter” kuboku muzeyinə aparıb.

12. “Mançester Yunayted” – “Bavariya” – 2:1
1998/99 mövsümü. Final
90-cı dəqiqədə “Bavariya” 1:0 hesabı ilə öndə idi və ehtiyat oyunçular skamyasındakı futbolçular qələbəni bayram etməyə başlamışdılar. Ancaq Aleks Ferqyusonun möhtəşəm əvəzetmələri və iki unudulmaz künc zərbəsi kubokun səmtini Mançesterə doğru dəyişdi.

11. “Beşiktaş” – “Benfika” – 3:3
2016/17 mövsümü. Qrup
“Vodafon Arena”dakı tarixi gecə... “Beşiktaş” fasiləyə 0:3 hesabı ilə geridə yollansa da, türkiyəli azarkeşlər susmaq bilmirdirlər. Məhz bu dəstək sayəsində “ağ-qaralar” inanılmaz geridönüşə imza atıb. Son saniyələrdə hətta qələbə qazanmağa çox yaxın olan “Beşiktaş” möcüzəni reallaşdırsa da, bu, növbəti mərhələ üçün kifayət etməyib.

10. “Qalatasaray” – “Real” - 3:2
2000/01 mövsümü. 1/4 final
“Qalatasaray”ın ən parlaq vaxtları idi. “Real” “Ali Sami Yen”dəki görüşün ilk hissəsində çox rahat idi və fasiləyə qədər 2 cavabsız qol vurmuşdu. Ancaq ikinci hissədə meydanda tam başqa “Qalatasaray” var idi. 3 qol vuraraq meydanı qalib tərk edən “cim-bom” tarixinin ən yaddaqalan qələbələrindən birini əldə edib. Amma Madriddə daha güclü “Real” rəqibinə şans verməyərək, yarımfinala yüksəlib.

9. “Bavariya” – “Yuventus” – 4:2
2015/16 mövsümü. 1/8 final
Turindəki 2:2 hesablı bərabərlikdən sonra Almaniyada “Yuve” ilk yarım saatda 2 cavabsız top vurmuşdu. Bundan sonra bir saat təkqapıya oynayan “Bavariya” son dəqiqələrdə bərabərlik qolunu vuraraq, matçı əlavə vaxta daşıyıb. Əlavə edilmiş 30 dəqiqədə rəqibi daha 2 dəfə mərkəzə dəvət edən almanlar yollarına davam ediblər.

8. “Borussiya” (Dortmund) – “Legiya” – 8:4
2016/17 mövsümü. Qrup
Çempionlar Liqası tarixinin ən qollu oyunu. “Siqnal İduna Park”a toplaşan 55 min azarkeş təkcə birinci hissədə 7, ümumilikdə isə 12 qola şahidlik ediblər.

7. “Yuventus” – “Mançester Yunayted” – 2:3
1998/99 mövsümü. Yarımfinal
İngiltərədəki qollu (1:1) bərabərlikdən sonra İtaliyada Filippo İnzaginin ilk 11 dəqiqədə dublu “Mançester Yunayted”in şansını sıfıra endirmişdi. Ancaq “mankunianlar” möhtəşəm geridönüş edərək, qarşılaşmadan qalib ayrılıb və finalda da “Bavariya”ya bənzər ssenari ilə qalib gəlib.

6. “Monako” – “Deportivo” – 8:3
2003/04 mövsümü. Qrup
Borussiya” – “Legiya” matçına qədər ən bol qollu oyun “Monako” – “Deportivo” görüşü idi. 11 qolun qeydə alındığı qarşılaşmada “Monako”nun fransalı forvardı Dado Prşo 23 dəqiqə ərzində pokerə imza atıb.

5. “Milan” – “Liverpul” – 3:3
2004/05 mövsümü. Final
Bir çoxlarına görə, bu, Çempionlar Liqası tarixinin ən gözəl finalıdı. İstanbuldakı matçın fasiləsinə Milan” 3:0 hesabı ilə öndə yollanır, paltardəyişmə otağında futbolçular qələbəni bayram edirdilər. Ancaq fasilədən sonra ingilislər rəqibi buna peşman etməyi bacarıblar. 7 dəqiqə ərzində 3 dəfə italyanları mərkəz dəvət edən “Liverpul” penaltilər seriyasında da dəqiq oynayaraq, kuboku qazanıb.

4. “Mançester Yunayted” – “Real” – 4:3
2002/03 mövsümü. 1/4 final
Bir oyunda bu qədər ulduz hər zaman olmur. Təbii ki, ulduzlarla zəngin qarşılaşmanın da bəzəyi qollar olmalıdı. Braziliyalı Ronaldo 3 dəfə “Real”ı hesabda önə keçirməsinə baxmayaraq, təslim olmayan “qırmızı şeytanlar” meydanı 4:3 hesablı qələbə ilə tərk ediblər. Bununla belə, “Santyaqo Bernabeu”dakı qalibiyyət (3:1) “Real”ı yarımfinala daşımışdı.

3. “Liverpul” – “Beşiktaş” – 8:0
2007/08 mövsümü. Qrup
Türklərin xatırlamaq istəmədikləri oyun. Çünki bununla “Beşiktaş” Çempionlar Liqası tarixində ən böyükhesablı məğlubiyyətə düçar olan komandaya çevrilmişdi. Bir het-trik və iki dublun gerçəkləşdiyi matçda hazırda “Beşiktaş”ın formasını geyinən Rayan Babel 2 qola imza atmışdı.

2. “Real” – “Malmö” – 8:0
2015/16 mövsümü. Qrup
“Beşiktaş”ın antirekordunun üstündən 8 il sonra bunu “Malmö” təkrarlayıb. “Kral klubu”nun 8 qol vurduğu qarşılaşmada Kriştianu Ronaldo pokerə imza atıb.

1. “Barselona” – PSJ – 6:1
2016/17 mövsümü. 1/8 final
Parisdəki 4:0 hesabından sonra “Barselona”nın ən sadiq azarkeşləri belə, Kataloniya klubunun bunu lehinə çevirəcəyini əminliklə deyə bilməzdi. Cavab qarşılaşmasının sonlarında kataloniyalılar hesabda öndə olsalar da, daha 3 qola ehtiyacları var idi. Amma “Barsa” möcüzəni gerçəkləşdirməyi bacarıb və Çempionlar Liqası tarixinin ən möhtəşəm geridönüşünə imza atıb.
