Vaqif Cavadov Azərbaycan çempionatında qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, “Sumqayıt”ın qışda heyətinə qatdığı 27 yaşlı futbolçu Topaz Premyer Liqasının XXXIII turunun “İnter”lə oyununda hesabı açıb.
6-cı dəqiqədə fərqlənən Cavadov Premyer Liqada 2 ildən sonra qol sevinci yaşayıb. Sonuncu dəfə 2013/14 mövsümündə - “İnter”də oynadığı vaxt bunu bacaran Vaqif 2014-cü il mayın 2-də rəqib qapısına yol tapmışdı.
Maraqlıdı ki, 730 gün əvvəl “İnter”in heyətində “Sumqayıt”a qol vuran futbolçu indi də əks istiqamətdə fərqlənib. Yəni, “Sumqayıt”ın oyunçusu kimi “İnter”ə qol vurub. Hər iki matçda indiki “İnter Arena”da baş tutub.
Lakin onun çempionatdakı 2 illik qol həsrəti 2014/15 mövsümünü Türkiyədə legioner həyatı yaşaması ilə bağlıdı. “Qaziantep BB” “Boluspor”da oynadıqdan sonra cari mövsüm vətənə dönən sabiq milli üzvü qışadək “Qəbələ”də çıxış edib. O, qol vurduğu 2 oyun arasında olan 730 gündə Premyer Liqada 16 matç keçirib.