Türkiyə PTT I Liqasında IX turun oyunlarına yekun vurulub. Apasport.az saytının məlumatına görə, millimizin üzvü Vaqif Cavadov, Rəhman Hacıyev və Ufuk Budakın şərəfini qoruduğu “Qaziantep BB" də növbəti matçına çıxıb.
Təmsilçilərimizin komandası səfərdə "Osmanlıspor"la qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatıb.
Bu görüşdə Budak və Cavadov meydana start heyətdə çıxıb. Vaqif 85-ci dəqiqədə Abdullah Halmanla, Ufuk isə 77-ci dəqiqədə Erdal Günəşlə əvəzlənib.
Hacıyev isə artıq millimizin düşərgəsindədi. O, ötən gün AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveçlə oyuna hazırlaşan Azərbaycan millisinin heyətində U-21 yığmasına qarşı forma geyinib. Mahmud Qurbanovun başçılıq etdiyi komandanın 4:2 hesabı ilə qalib gəldiyi matçda Rəhman fasilədən sonra Cavid Hüseynovun yerinə meydana daxil olub.
Bu gün isə Vaqif millinin düşərgəsinə qoşulacaq.
Qeyd edək ki, "Qaziantep BB" 9 oyundan sonra 8 xalla 15-ci yerdə qərarlaşıb.