Türkiyə PTT 1-ci Liqasında 31-ci turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, həmyerlilərimizin çıxış etdikləri 3 klub bu gün növbəti oyunlarına çıxıblar.
Vaqif Cavadovun şərəfini qoruduğu “Boluspor” öz meydanında “Elazığspor”un müqavimətini qıra bilməyib. Milli komandamızın üzvü son 10 dəqiqədə meydanda olsa da heç nə ilə yadda qala bilməyib.
Rail Məlikovlu “Dənizlispor” isə autsayder “qonşusu” “Orduspor”u 5:1 hesabı ilə darmadağın edib. Məlikovun adı iştirak ərizəsinə salınsa da, milli komandamızın keçmiş üzvü qalibiyyəti ehtiyat oyunçular skamyasından izləməli olub.
Kamran Ağayevin qapısını qoruduğu, lider “Kayserispor” isə evində “Antalyaspor”la qolsuz bərabərliyə razılaşmalı olub. Milli oyunçunun adı bu oyunda da iştirak ərizəsinə salınmayıb.
Xatırladaq ki, 31-ci turdan sonra “Kayserispor” 63 xalla turnir cədvəlinin lideridir. “Boluspor” 37 xalla 13-cü, “Dənizlispor” isə 27 xalla 17-cı sırada qərarlaşıb.