“Neftçi” klubunun idman direktoru Vəli Qasımovun apasport.az saytına müsahibəsi.
- Son vaxtlar “Neftçi” haqda tənqidi yazılara daha çox rast gəlirik. Səbəbini izah edə bilərsinizmi?
- Niyə yazırlar deyə bilmərəm. Razıyam, komanda mövsümə yaxşı başlamadı. Bu da heyətdə edilən dəyişikliklərdən qaynaqlanır. Baş məşqçi postuna gənc mütəxəssis dəvət edildi. Heyətimizi isə gənc fuutbolçulardan qurduq. Təbii ki, onların təcrübə qazanması üçün legionerlər də dəvət etdik. Mövsümə yaxşı başlamasaq da, komanda toparlanmağa başlayıb. Son turlardakı nəticələr, eləcə də oyun düzgün yolda olduğumuzu göstərir.
- Xüsusilə də baş məşqçi Samir Əliyevlə aranızda problemin olduğu deyilir. Doğurdanmı, onun təyinatı ilə razılaşmamısınız?
- Həqiqətən də aramızda hansısa problem olmayıb. İş prosesi yaxşı gedir. Hansısa futbolçunu transfer etmək istəyəndə məşqçilər korpusu ilə birgə məsləhətləşmələr aparırıq. Yəni qarşılıqlı fikir mübadiləsi aparılır, sonra qərar verilir.
- Transfer çalışmaları zamanı onun fikri deyil, rəhbərliyin qərarı əsas götürülür?
- Bizdə transfer çalışması belə aparılır. Hər gün “Neftçi”yə çox sayda futbolçu təklif olunur. Təbii ki, onların hamısını transfer edəsi deyilik. Bizə lazım olan oyunçuların oyunları izlənilir, xarakteritikasına baxılır. Futbolçunu təkcə oyununa görə seçmirik, onun intizamına, özünü kollektivdə necə aparmağına da diqqət yetiririk.
- Yeni ispan hücumçu tranfer etdiniz. Daha bir oyunçunun keçidi isə gündəmdədi. Onları özünüz izləmisiniz, yoxsa oyunlarından ibarət diskə baxmısınız?
- Anyetenin oyununun diskini məşqçilər korpusu ilə bir yerdə izləmişik. Baş məşqçi onun oyununa ayrıca da baxıb. Daha sonra futbolçu haqda lazımi informasiyanı əldə etmişik. İspan olduğuna görə, əlaqələrimi işə salmışam, xasiyyəti, intizamı haqda dəqiq məlumat toplamışıq. Bundan sonra bir daha müzakirələr olub, yekunda transferinə razılıq verilib.
- Gənc yerlilərlə təcrübəli legionerlərin sintezi istədiyiniz effekti verirmi?
- Təbii ki, alınır. Yığmanın son toplanışına “Neftçi”dən 5 futbolçu dəvət edilmişdi. Deməli, işimizi düzgün qurmuşuq. Gənc futbolçularımızın potensialı böyükdü. Çalışırıq ki, onlar potensialını tam aça bilsinlər. Yerli futbolçuların çoxluq təşkil etməsi, yığma üçün də vacibdi. Legionerlərin olmağı da vacibdi. Məhz onların təcrübəsi gənc futbolçuların inkişafına kömək edəcək.
- Vaxt var idi, “Neftçi”nin yetirmələri aşağıyaşlı futbolçulardan ibarət yığmaların özəyini təşkil edirdi. Amma son illərdə bu vəziyyət əks istiqamətdə dəyişdi. Geriləmənin səbəbi nədi?
- Hər klubun, rəhbərliyin öz strategiyası var. Digər yandan ölkə çempionatı güclənir. Əvvəllər gətirilən legionerlərin sayı çox olsa da, keyfiyyət aşağı idi. Amma bu gün səviyyəli futbolçular ölkəmizə dəvət edilir. Bu da oyun keyfiyyətini qaldırır, çempionata marağı artır. Nəticədə bəzi gənclər heyətə düşməkdə çətinlik çəkir. Qaldı aşağı yaşlı futbolçulara, bu istiqamətdə ciddi işlər görülür. Uşaq futbolu bizim üçün prioritet məsələlərdən biridi.
- “Neftçi”nin son illərdə “Qarabağ” və “Qəbələ”nin kölgəsində qalmağı sizi narahat etmir?
- Narahat deyəndə, klublarımızın qazandığı uğurlar bizi də sevindirir. Çünki hər biri Azərbaycanı təmsil edir. Qrup mərhələsinə düşdüklərinə görə heyətlərini də gücləndirirlər. “Neftçi” isə gənclərə meydan verib. Biz gələcəyin komandasını qururuq.
- Bu gənclərlə çempionatda hansı nəticəni qazanmağı hədəfləmisiniz?
- Çempionatı ilk “3-lük”də bitirməyi hədəfləmişik.
- Bu yaxınlarda Braziliyada səfərdə oldunuz. Səfərin məqsədi nə idi və hansı nəticələr əldə edildi?
- Braziliya futbolu, strukturu ilə tanış olmaq idi. Orada olduğumuz müddətdə Seriya A və B-nin oyunlarını izlədik, məşq prosesin baxdıq. Hansı səviyyədə futbolçulara malik olduqlarını gördük. Strukturla tanış olduq. Açığı, səviyyə fərqi çox böyükdü. Braziliya klublarından biri ilə əməkdaşlıq haqda razılıq əldə edilib. Ola bilər ordan fuutbolçu dəvət edək, eyni zamanda biz öz futbolçularımızı onların məşq prosesində iştirak etmək, təlim-məşq toplanışlarına qatılmaq üçün ora gondərək.
- Ordakı sistemi burda tətbiq etmək mümkündürmü?
- Mümkündü. Qışda “Fluminense”nin nümayəndələri Bakıya səfər edəcək. Bizə nə lazımdı, onlar nə istəyir, danışıqlar zamanı aydınlaşacaq.
- Serdal Adalıdan “Qalatasaray”a atmaca: "Allah onlara səbir versin"
- Burak Yılmaz Superliqaya qayıtdı – “Çorum”un yeni baş məşqçisi oldu
- Roberto Karlos Ronaldoya “10 il” verdi – “Nə vaxt istəsə, onda da gedəcək”
- Türkiyə - Fransa matçı bu kanalda - TV AFİŞA
- Braziliyada “10 nömrə”nin yeni sahibi: Neymardan ona keçdi