AÇ-2018-in əsas seçmə mərhələsinin ikinci oyununda Albaniya ilə qarşılaşan Azərbaycan millisi böyükhesablı qələbə qazanıb. Oyundan sonra millimizin heyətində karyerasını ölkə xaricində davam etdirən yeganə oyunçu Vitali Borisov apasport.az saytına müsahibə verib.
- Xüsusilə də birinci hissənin bu qədər gərgin keçməsini nə ilə izah edirsiniz?
- Çətin keçdi, amma istifadə edə bilmədiyimiz epizodlarımız da oldu. Düzdü, bizim də qapımız qarşısında təhlükəli anlar yaşandı, qapıçımız səhvsiz oynadı. Yaxşı ki, fasilədən sonra ikinci qolu dərhal vurduq. Bundan sonra rəqib açılışdı. Artıq oyun bizim üçün rahat keçməyə başladı.
- Fasiləyə qədər cəmi bir qolun vurulması müdafiənin əməyidi, yoxsa hücumun kəsərli olmaması?
- Oyundu, səhvlərdən gərək yararlanasan. Onların buraxdığı ilk 2 qol zamanı qapıçı ilə müdafiə arasında anlaşılmazlıq oldu. Biz də istifadə etdik. Üçüncü qoldan sonra 5 oyunçuya keçdilər və biz boş qapıya 2 qol vurduq. Rəqibi səhv etməyə məcbur etmək lazımdı.
- Baş məşqçi Bosniya və Herseqovina ilə matçdan sonra komandanın Albaniya qarşısında daha yaxşı oynayacağını demişdi. Amma yenə gözlənilən oyunu görmədik...
- Sona yaxın meydana çıxan “dördlük” 2 qol vurdu, işlərini gördülər. Buna qədər bütün oyunu biz iki “dördlük”lə oynamışdıq. 5-6 dəqiqədən bir dəyişirdik, amma tempi saxlayırdıq. Hətta birinci hissədə elə olurdu meydandakı “dördlük” 10 dəqiqə mübarizə aparırdı. Baş məşqçinin hamıya şans verməsi işimizə yaradı. Həm gücümüzü müyyən qədər qoruduq, həm artıq sarı vərəqə alan olmadı.
- Sona yaxın sırf yerli uşaqlardan ibarət “dördlük” oynadı. Ümidləri doğrulda bildilərmi?
- Təbii ki, doğrultdular. Məşqdə də çox işləyirdilər. Həmin oyunçular bu gün rəqibə qol şansı vermədi.
- Bosniya və Herseqovinanın Macarıstanla heç-heçə oynamasının son duel ərəfəsində işimizə yaradığını demək olarmı?
- Macarıstanın heç-heçə etməsi bizə sərf edən nəticədi. Amma onlarla oyunda 1 xal qazanmağı düşünməməliyik. Ancaq qələbə üçün oynayacağıq. Aydın məsələdi ki, heç-heçə olsa, yenə birinci yeri tutacağıq və sevinəcəyik. Necə oynayacağımıza baş məşqçi qərar verəcək.
- Macarıstanın üstün və zəif cəhətlərini sadalaya bilərsinizmi?
- Qrupda rəqiblərin səviyyəsi bərabərdi. Bosniya və Herseqovina Macarıstanla 5-in 4-ə yaxşı oynadı. Rəqibimiz təcrübəli komandadı. Onlarda ulduz futzalçı var. Söhbət “Kayrat”ın hücumçusu Zoltan Drozdan gedir. Oyunu onun üzərində qururlar, standartlardan da yaxşı istifadə edirlər. Macarıstan Albaniya və Bosniya və Herseqovinadan üstün deyil, amma geri də qalmır.
- Oynunuzun zəif alınması nədən irəli gəlir. Bəlkə millinin son 2 toplanışında iştirak etməməyiniz sözünü deyir?
- Zədəm var. Həm də baş məşqçi başqa üsluba üstünlük verir. İndi kimin zəif, güclü oynamağı vacib deyil, komandanın uğur qazanması lazımdı. Bir oyun zəif oynayan oyunçu növbəti matçda daha güclü çıxış edir. Hiss edirəm ki, baş məşqçi daha çox burda çıxış edən oyunçulara güvənir, oyunu onların üzərində qurur. Bu, onun yanaşması, qərarıdı. Yenə deyirəm, əsas nəticə qazanmaqdı. Final mərhələsinə vəsiqə qazanaq, sonrasını fikirləşərik.
- Yenidən karyeranızı yerli klublardan birində davam etdirməyi düşünürsünüzmü?
- Bu haqda danışmaq hələ tezdi. Yayda fikirləşəcəm, təkliflərə baxacam.
- Hazırkı klubunuz qalmağınızı istəyir?
- Konkret təklif yoxdu, amma eşitdiyimə görə qalmağımda maraqlıdı. Həm də nəticədən çox şey asılıdı. Hələ çempion olaq və Çempionlar Liqasına vəsiqə qazanaq. Qərar bundan sonra veriləcək.