[b]Yaşar Vahabzadə və Azərbaycan yığması[/b]
06.09.2017 - 12:28
[b]Yaşar Vahabzadə və Azərbaycan yığması[/b]

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində ardıcıl ikinci məğlubiyyətini alıb. Apasport.az saytının məlumatına görə, öz meydanında İrlandiyaya 1:3 hesabı ilə yenilən komandamız baş məşqçi Yaşar Vahabzadənin rəhbərliyi altında seçmə mərhələdə 10-cu dəfə uduzub.

 

Yığmanı 15 belə qarşılaşmaya çıxaran çalışdırıcı görüşlərdən 2/3-də məğlubiyyətlə barışıb. Cəmi 2 qələbə və 3 heç-heçəsi olan Vahabzadənin komandası vurduğu 10 qolun əvəzində 34 top buraxıb.

 

Əslində, bu mütəxəssisin başçılıq etdiyi U-21 üçün məğlub olmaq da adi hala çevrilib. AÇ-2004-ün seçmə mərhələsinin sonunda yığmanın “sükanı arxasına” keçən Vahabzadə həmin vaxtdan yetirmələrinin məğlubiyyətlərinə adət edib.

 

2003-cü ildə Serbiya və Monteneqroya 0:2, Finlandiyaya 0:1 hesabı ilə uduzan yığmamız İtaliyada nokauta düşüb. Apenninlilər Vahabzadəmi millidə çalışmağa peşman edib – 6:0.

 

Həmin darmadağından sonra mütəxəssis postundan kənarlaşdırılıb. Onun yenidən U-21-ə qayıtması isə 12 il sonra gerçəkləşib.

 

AVRO-2014-də nəinki qələbə, hətta qol və xal da görməyən Vahabzadəyə AVRO-2017-nin seçmə oyunları öncəsi yenidən etimad göstərilib. Çalışdırıcı qayıdışını Farer adalarındakı səfər qələbəsi ilə qeyd edib.

 

Ardınca Avstriyaya 0:2, Almaniyaya 0:3 hesablı yenilgilər isə U-21-in nə qədər zəif olduğunu göstərib. Lakin ikinci böyükhesablı məğlubiyyət də sonuncu olmayıb. Avstriyada baş tutan səfər matçında meydan sahibləri Vahabzadə və yetirmələrinə “xoşbəxt rəqəm” göstəriblər – 7:0.

 

Millidəki ilk dönəmində 0:6-dan sonra postunu tərk edən çalışdırıcı bu dəfə 0:7 ilə də vəzifəsindən ayrılmayıb. Bu rüsvayçı məğlubiyyətdən sonra da yığmamız iki dəfə uduzub və xalsız seriyanı 6-ya çatdırıb. Amma Finlandiya (0:1) və Almaniya (1:3) avstriyalılar qədər amansız olmayıb.

 

Yalnız bundan sonra özünə gələn U-21 uğurlu qrafik cızıb. Enişdə olan Rusiya üzərində 3:0 hesablı qələbə və onlarla ikinci oyundakı qollu bərabərlik (2:2) baş məşqçinin yerini möhkəmlədib.

 

Farer adaları (1:1) və Finlandiya (0:0) ilə heç-heçələrlə məğlubiyyətsizlik seriyası davam edib. Amma şimallılara uduzmamaq qəhrəmanlıq sayılmamalıdı. Amma məhz bu heç-heçələr yeni tsikldə də eyni mütəxəssisə güvənməklə nəticələnib.

 

Yeni tsikl isə məğlubiyyətlərin ardı gəlib. 10 nəfərlə qalan İsrailə 1:3 hesabı ilə uduzan komandamız ümidverən oyun nümayiş etdirməyib. Elə İrlandiyaya da eyni hesabla uduzan komandamız yalnız hər iki matçda qol vurması ilə öyünə bilər. Hərçənd, iki oyunda 6 qolun buraxılması da üzücü faktdı.

 

Göründüyü kimi, 10 məğlubiyyət arasında 0:7, 0:6, 0:3 kimi rəngarəng hesablar var. 3 dəfə də komandamız üç qol buraxmaqla uduzub – 1:3. Digər yenilgilərdən ikisində 0:1, birində 0:2 hesabı qeydə alınıb. Vahabzadə və komandasının öyünəsi uğurları isə yalnız Rusiya ilə görüşlərdi. Farer adaları üzərində qələbə isə bunun üçün əsas vermir. Rusiyalılarla matçlara gəlincə isə, bu 4 xal da daim postunda qalmaq üçün əsas vermir.