Topaz Premyer Liqasının iki gündən sonra keçiriləcək son turu rekordla əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, “Qarabağ” Azərbaycan çempionatları tarixində ya yeni rekord vuracaq, ya da bu göstəriciyə şərik olacaq.
Ağdam təmsilçisinin ən böyük xal fərqi ilə çempion olan komanda adına ən azı şərik olması isə artıq indidən dəqiqləşib.
Belə ki, əyalət klubu hazırda ən yaxın izləyicisi “Zirə”ni 19 xal qabaqlayır. Sonuncu turda ağdamlılar öz meydanında AZAL-ı qəbul edəcəklər, gümüş mükafatçı isə “İnter”in qonağı olacaq.
Bu matçların nəticələrindən asılı olaraq, çempionla 2-ci yer arasında xal fərqi maksimum 22, minimum 16 olacaq. Sonuncu rəqəm isə Azərbaycan futbolu tarixinin rekordudu.
İndiyədək keçirilən çempionatlarda ən böyük üstünlük məhz 16-ya bərabər olub. Buna 18 il əvvəl “Kəpəz” imza atıb. Həmin vaxt mövsümü 70 xalla tamamlayan Gəncə klubu “Dinamo”nu 16 xal üstələyib. İndi “Bakı” adlanan sonuncular 54 xal yığıb.
“Qarabağ”in bu rekordu yeniləməsi üçün uduzmaması və ya “Zirə”nin xal itirməsi lazımdı. “Kəpəz” yalnız bir halda rekorda şərik qalacaq. Bu da ağdamlıların uduzması, zirəlilərin qələbə qazanması halında mümkündü. Digər bütün hallarda 18 il əvvəl qeydə alınan rekord kölgədə qalacaq.
Qeyd edək ki, ölkə çempionatlarında 1-ci və 2-ci yer arasında 3-cü ən böyük fərq 1999/2000 mövsümündə qeydə alınıb. Həmin vaxt 55 xal yığan “Şəmkir” “Kəpəz”dən 11 xal öndə olub.