Azərbaycan Premyer Liqasının mükafatçıları sona 3 tur qalmış müəyyənləşsə də, komandaların medallarının əyarına qarşıdakı oyunlar aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, 3 turun 12 görüşü təkcə medalları sahibləri arasında bölməyəcək, həm də çempionatın fərdi titulunun kimə qismət olacağını aydınlaşdıracaq.
Söhbət Premyer Liqanın bombardirindən gedir. Finişin 3 addımlığında bu ada iki real namizəd var. Bunlar Filip Ozobiçlə Rauf Əliyevdi.
Onların mövsümün sonundakı titul mübarizəsində bir sıra maraqlı məqamlar diqqət çəkir. Bunları nəzərdən keçirib, onların “Qol kralı” olmaq şanslarına nəzər salaq.
Mükafata aludəlik
Finiş ərəfəsində 11 qola malik Filip üstün durumdadı. Lakin 9 qola malik Raufun öz üstünlüyü var. Məsələ ondadı ki, çempionluq şanslarını tam itirməyən “Qəbələ”də çıxış edən Ozobiç qol vurmaqdan, şəxsi uğurdan çox komandasının qələbəsini düşünməlidi. “İnter” isə bürünc medal vəzifəsinin öhdəsindən gəldiyindən son 3 turda qarşısında ciddi məqsəd olmayacaq. Belə vəziyyətdə komanda yoldaşları da Əliyevin uğuru üçün çalışa bilər. Ölkə çempionatları tarixində dəfələrlə belə hal yaşanıb ki, son turlarda qol yağışına imza atan futbolçu bombardir olub.
Hücumçu, yoxsa yarımmüdafiəçi?
Ozobiçlə Əliyevin duelinin daha bir özəlliyi onların ampluasıdı. “Qəbələ”nin xorvatiyalı legioneri orta sahə oyunçusudu. Yarımmüdafiəçinin bombardir olması isə çempionatımızda yüksək səviyyəli hücumçunun yoxluğunu bir daha təsdiqləyəcək. Ön xətt oyunçularının imicini qorumalı olan Rauf bunun üçün bütün bacarığını ortaya qoymalıdı. Həm də karyerası ərzində heç vaxt bombardir adına yiyələnməyən forvard ilk uğur üçün dəridən-qabıqdan çıxacaq.
Yerli-legioner “savaşı”
Bombardirlik yarışı həm də yerli futbolçu ilə əcnəbinin duelidi. Azərbaycan yığmasının hücumçusu yerli futbol məktəbinin adı üçün mübarizə aparacaq. Futbolçularımızın legionerləri çox sevmədiyini, onların fərdi uğurlarını qəbul etmədiyi hamıya bəllidi. Dəfələrlə “kim bombardir olur-olsun, yerli futbolçu olsun” ifadəsini çoxları eşidib. Təbii ki, bu rəqabət Rauf üçün də əlavə stimul olacaq. Ozobiç isə əksinə, hücumçu olmadığından ondan tələb olunmayan bombardirlik üçün canfəşanlıq etməyəcək, əsasən komandasını uğura daşıyacaq.
İlin qolçusu
Bombardirlər mövsümü fərqli tempdə keçirib. I dövrədə onlar hərəyə 3 qol vurublar. İkinci “yeddi oyunluq”da isə Rauf qola həsrət qalıb. Ozobiç isə 4 dəfə fərqlənib və 2016-cı ili 7:3-lük üstünlüklə bitirib.
2017-ci ilin qolçusu isə Əliyevdi. Düzdü, III dövrədə hər oyunçu 4 qol vurub. Filip də həmin XIX turun “Qarabağ”la ev oyunundan sonra fərqlənə bilməyib. Əliyev isə dövrədəki iki qolunu son turlarda qeyd edib. Ardıcıl 2 matç fərqlənən forvard seriyasını finişdə davam etdirmək iddiasındadı.
Rəqiblər kimdi?
Bombardirin kimliyi baxımından Əliyevlə Ozobiçin son üç turda üz-üzə gələcəyi komandaların önəmi az deyil. XXVII tur bombardirlərin əyani dueli olacaq. Həmin gün “İnter” “Qəbələ”nin qonağı olacaq.
Maraqlıdı ki, bu iki komandanın oyunlarında nə Filip qol vurub, nə də Rauf. Bundan başqa, hər iki klubu “Kəpəz”lə səfər matçı gözləyir. Bombardirlər mövsümün gedişində hərəyə 1 dəfə Gəncə təmsilçisini məyus edib. Ozobiç digər rəqib “Sumqayıt”a da qol vurmağı bacarıb. Rauf üçün isə digər rəqib “Qarabağ”dı. Yəni üstünlüyə malik Ozobiç üçün rəqiblər də nisbətən münasibdi.
“Qəbələ”nin son 3 rəqibi
15.04.2017. “Kəpəz” (s) 2
23.04.2017. “İnter” (e)
29.04.2017. “Sumqayıt” (s) 2
“İnter”in son 3 rəqibi
16.04.2017. “Qarabağ” (e)
23.04.2017. “Qəbələ” (s)
29.04.2017. “Kəpəz” (s) 1
Kimdi məhsuldar?
İki futbolçunun məhsuldarlığına nəzər salsaq, Ozobiç üstün durumdadı. 25 qarşılaşmada 11 qol vuran yarımmüdafiəçi hər matçda 0,44 dəfə fərqlənib. Rauf 9 qolu 23 matçda vurub. Onun göstəricisi 0,39-du. Xorvatiyalı meydanda 2095 dəqiqə keçirib ki, hər qol üçün ona 191 dəqiqə lazım olub. Yığmamızın üzvü isə 1778 dəqiqədə 9 qol vurub. O, hər uğurunu 198 dəqiqə gözləyib.
İzləyicilər
Düzdü, bombardirliyin iki oyunçu arasında davam edəcəyini söyləmək yanlışlıq olar. Çünki bir het-trik və ya poker vəziyyəti dəyişə bilər. Hərəyə 7 qol vuran 3 oyunçu üçün belə məhsuldarlıq göydəndüşmə olardı. Maraqlıdı ki, 7 dəfə fərqlənənlər mükafatçı klubların üzvləridi. Dino Ndlovu “Qarabağ” əsas qol silahıdısa, Baqali Dabo “Qəbələ”nin, Nizami Hacıyev “Qəbələ”nin 2-ci bombardiridi. Onların liderliyə yüksəlməsi üçün Alay Bəhramov və Fərid Quliyevin məşhur bombardirlik uğurunu təkrarlamalıdı. Söhbət bu iki oyunçunun son turlarda fantastik məhsuldarlıq göstərməsindən gedir.