Yunanıstan millisinin yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsindəki uğursuzluqdan sonra ümidlərini DÇ-2018-ə bağlayan yunanlar yığmaya Mixael Skibbeni gətiriblər.
Almaniyalı mütəxəssis Ellada təmsilçisinin 2015-ci ildəki 4-cü baş məşqçisi olub. Oktyabrın 11-də Türkiyənin “Əskişəhərspor” klubundan qovulan Skibbenin işsiz günləri isə cəmi 19 gün davam edib.
DÇ-2014-dən sonra keçirdiyi 11 matçda cəmi 1 qələbə qazanan, seçmə mərhələdə Farer adalarından da geri qalıb, qrup sonuncusu olan Yunanıstan yığması məhz almaniyalı ilə böhrandan çıxacağına ümid edir.
2008-09-cu illərdə Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi olan almaniyalı qonşu ölkədə “Karabükspor” (2012), “Əskişəhərspor” (2011 və 2015), vətənində Dortmund “Borussiya”sı (1998-2000), “Bayer” (2005-08), Frankfurt “Ayntraxt”ı (2009-11), “Herta” (2012), İsveçrədə “Qrasshoppers”i (2012) çalışdırıb. Skibbe 2000-04-cü illərdə Almaniya millisində köməkçi məşqçi olub.