AVRO-2016-nın seçmə mərhələsinin iyunun 12-də keçiriləcək Norveç – Azərbaycan qarşılaşmasını idarə edəcək polşalı Pavel Gil komandalarımız üçün uğursuz hakimdi. Apasport.az saytının məlumatına görə, 39 yaşlı FİFA referisi indiyədək 2 dəfə təmsilçimizin matçında fit çalıb.
Bu qarşılaşmaların hər ikisində Azərbaycan çempionu meydana çıxıb. Hər iki görüş həlledici əhəmiyyətə malik olsa da, sonda rəqib qalib gəlib.
2013-cü ildə Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Skenderbeu” (Albaniya) – “Neftçi” matçında fit çalan Gil matçın əsas vaxtında 0:0 hesabı qeydə alıb.
Əlavə vaxtda fərqlənən albaniyalılar çempionumuzu mübarizədən kənarlaşdırıb. 0:1 hesablı məğlubiyyət həm də Böyükağa Hacıyevin istefası ilə nəticələnib.
Ötən il isə polşalı Avropa Liqasının qrupunda çıxış edən Azərbaycan çempionu “Qarabağ” üçün uğursuz olub. O, Ukrayna “Dnepr”i ilə 2-ci – Bakıdakı matçda ədaləti qoruyub. Bu matçda qələbə qazanacağı halda, 1/16 finala böyük addım atmaq imkanına malik ağdamlılar meydanı başıaşağı tərk edib – 1:2.
Qeyd edək ki, karyerasına 2005-ci ildə başlayan Gil cəmi 4 il sonra FİFA referisi adını alıb. O, həmin il U-17-lərin, 2013-cü ildə U-21-lərin qitə çempionatının final mərhələsində iş başında olub.
UEFA-nın hakimlər üçün 1-ci kateqoriyasına daxil olan Gil Çempionlar Liqası və Avropa Liqasında qrup matçlarını idarə edib. İqtisadçı təhsili alan Gil ixtisası mühasibdi.