[b]Yığmamızı başsız qoymağa adət edən rəqib[/b]
27.03.2018 - 13:14
[b]Yığmamızı başsız qoymağa adət edən rəqib[/b]

Bu gün 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi səfərdə İrlandiya ilə qarşılaşacaq.

 

Mübarizə apardığı qrupun aşkar autsayderi olan Rəşad Sadıqovun komandasını çətin oyun gözlədiyi heç kimə sirr deyil. Çünki ada təmsilçisi final mərhələsinə vəsiqəyə iddialıdı və 1-ci yer uğrunda döyüşür.

 

Bu qarşılaşma iki rəqib arasında 4-cü duel olacaq. Belə ki, yığmamız İrlandiyanın U-21 komandası isə artıq 3 dəfə seçmə oyununda görüşüb.

 

Yığmamızın bütün matçlarda uduzması bir yana, xoş hesab edilməyən tendensiya da müşahidə edilib.

 

AVRO-2007-yə vəsiqələr uğrunda mübarizə fərqli şəkildə baş tutub. Həmin vaxt zəif yığmalar təsnifat mərhələsində mübarizə aparıb və seçmə qruplarına vəsiqə üçün yarışıb. Təbii ki, yığmamız da turnirə erkən qatılanlardan olub.

 

Nazim Əliyevin baş məşqçisi olduğu millimiz 2006-cı ilin mayında Bakıda İrlandiyaya 1:2 hesabı ilə uduzsa da, cəzalı futbolçunun – Vüqar Nadirovun meydana çıxması üzündən matçın nəticəsi ləğv edilib. 0:3 hesablı texniki məğlubiyyət alan komandamız İrlandiyada da uduzub. Bu dəfə rəqib 3:0-ı texniki yolla deyil, vurduğu 3 qolla qazanıb. Seçmə mərhələyə yüksələ bilməyən millimiz Nazim Əliyevi istefaya göndərib. Bir sözlə, İrlandiyayla matçlar baş məşqçi üçün sonuncu olub.

 

Bu rəqiblə sonuncu duel isə elə cari tsiklə təsadüf edib. Millimiz ötən ilin sentyabrında Bakıda keçirilən qarşılaşmada İrlandiya yenə 3 qol vurub. 1:3 hesabı ilə uduzan yığmamız bu dəfə də Yaşar Vahabzadəni istefaya göndərib. Əliyev kimi Vahabzadə üçün də İrlandiya gördüyü son rəqib olub.

 

Ümumilikdə isə keçirilən 3 görüşdə 3 qələbə qazanan, texniki nəticəni saymasaq, 6 qol vurub, 1-ni buraxan irlandiyalılar 2 baş məşqçimizi istefaya göndərib. Bu uğursuz ənənəni qırmaq isə Sadıqovun yetirmələrinin üzərinə düşür. Kosovodakı 0:2 hesablı məğlubiyyətdən sonra ilk xalını və ilk qolunu gözləyən gənc çalışdırıcını ümidləndirməli olan gənclər millimiz bunun üçün favoritlərdən birini büdrətməlidi.

 

Qeyd edək ki, bu gün keçiriləcək İrlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.