Bu gün açıqlanan FİFA reytinqindən sonra Azərbaycan millisinin növbəti matç üçün perspektivi də müəyyənləşib. Apasport.az saytının məlumatına görə, martın 28-də Maltaya qarşı keçiriləcək oyun reytinq sıralamasında 198 xalla dünyanın 139-cu komandası olan Robert Prosineçkinin yetirmələrinin mövqeyinə təsir edəcək.
AVRO-2016-nın seçmə mərhələsinin Bakıda baş tutacaq qarşılaşması yığmamızın xal hesabını artıracaq. İstənilən nəticənin gətirəcəyi bu artım komandamızın mövqeyinə də müsbət təsir edəcək
Tofiq Bəhramov adına Respublika stadionundakı matçda qazanılacaq qələbə xal hesabımızı 66 xal zənginləşdirəcək. Hesabında 264 xal olacaq yığmamız isə təxminən 20 pilləyə yaxın irəliləməsi mümkündü. İndiki siyahıda bu qədər xal 120-ci yer üçün yetərli olduğundan belə proqnozlaşdırmaq olar.
2015-ci ilin ilk oyunundakı heç-heçə isə 32 xaalıq qazanc gətirəcək. 230 xal isə təxminən 13 pillə irəliləmək üçün kifayət edə bilər.
Millimiz FİFA reytinqində 145-ci olan Maltaya da uduzsa, hesabına 15 xal əlavə edəcək. 213 xal isə cədvəldə 4-5 addım irəliləməklə nəticələnə bilər.