[b]Yığmamızın məşqçisi: Səlahət Ağayev iki epizodda səhvə yol verdi[/b]
17.11.2014 - 15:00
[b]Yığmamızın məşqçisi: Səlahət Ağayev iki epizodda səhvə yol verdi[/b]

“Səlahət bu gün yaxşı çıxış etdi. Düzdü, ilk 10 dəqiqədə bir qədər gərgin görünürdü. Bu, hər bir qapıçıda ola bilər. Amma tezliklə özünü ələ aldı və oyunu pis keçirmədi”. Bunu apasport.az-a açıqlamasında AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan - Norveç (0:1) oyununu dəyərləndirən milli komandamızın məşqçisi Rauf Mehdiyev deyib.

 

Yığmanın qapıçı məşqçisi Norveçlə görüşdə “çərçivə”ni qoruyan Səlahət Ağayevin bir neçə səhvə yol verdiyini də etiraf edib: "Səlahət iki dəfə çıxışda səhvə yol verdi. Təbii ki, bir qapıçı üçün bunlar nöqsandı. Qol epizoduna gəlincə, düzdü, zərbə yaxın küncə olmuşdu. Amma standart vəziyyət idi və zərbə də yaxın məsafədən vurulmuşdu. Buna görə də Səlahəti günahlandırmaq doğru olmaz".

 

Mehdiyev standart vəziyyətlər üzərində çox çalışmalarına baxmayaraq, məhz belə bir epizoddan qol buraxmalarını ani diqqətsizlik hesab edib: "Uşaqlar çox çalışdılar, xüsusən də, ikinci hissəni əla keçirdilər. Sadəcə, Norveç yaxşı müdafiə olundu. Ümumiyyətlə, oyunda çox qol imkanı yaranmadı. Bizim müdafiəçilərimiz də etibarlı oynadılar. Norveç yeganə qolu da standart vəziyyətdən vurdu. Əslində, bu cür epizodların üzərində çox çalışmışdıq, futbolçulara xüsusi tapşırıqlar verilmişdi. Amma cəmi bir dəfə ani diqqətsizlik yarandı, rəqib də ondan yararlandı".

 

Berti Foqtsun dönəmində də hazırkı vəzifəni icra edən Mehdiyevin fikrincə, Mahmud Qurbanov yığmada yeni ab-hava formalaşdıra bilib: "Qısa müddət olmasına baxmayaraq, Mahmud müəllim milli komandada əvvəlki atmosferi geri qaytara bildi. Yerli məşqçi olması futbolçulara da müsbət təsir etmişdi. Uşaqların üzərində gərginlik yox idi. Üstəlik, oyuna daha məsuliyyətli hazırlaşmışdılar".