20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilə qarşılaşacaq Makedoniyanın U-21 yığması baş məşqçisi ilə vidalaşacaq. Apasport.az saytının məlumatına görə, mayın 24-də və 27-də Bakıda baş tutacaq yoxlama oyunları Blaqoy Milevskinin balkanlıların çalışdırıcısı postunda sonuncu matçları olacaq.
Belə ki, 47 yaşlı mütəxəssis yığmadakı işini iyunun 1-dək yekunlaşdırmağa qərar verir. Gələn aydan isə Milevski İsrailin “Aşdod” klubunu çalışdıracaq.
2001-04-cü illərdə şərəfini qoruduğu klubdan cəlbedici təklif alan Milevski yenidən İsrailə dönməyi məqsədəuyğun sayıb.
Qeyd edək ki, Makedoniya yığması məhz Milevskinin rəhbərliyi altında AVRO-2017-nin Polşada keçirilən final mərhələsinə qədər irəliləyib.