[b]Yolayrıcında ilk, istefasız yarımçempionat və 4 dəyişiklik[/b]
28.12.2017 - 10:15
[b]Yolayrıcında ilk, istefasız yarımçempionat və 4 dəyişiklik[/b]

Son günlərini yaşayan 2017-ci ildə Premyer Liqada 4 baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, arxada qalan 12 ayda yüksək dəstədə çıxış edən 9 klubdan dördü çalışdırıcısını dəyişib.

 

İstefasız yarımçempionat

Maraqlıdı ki, 2016/17 mövsümünün bu ilə təsadüf edən ikinci yarısında heç bir məşqçi dəyişikliyi baş verməyib. Komandalar uğursuz çıxış etdikdə də çalışdırıcılarına inanır. Güclü futbol ölkələrində az qala hər büdrəyən məşqçi istefaya göndərilsə də, Premyer Liqada bunun əksi baş verib. Nəticədə 2017-ci ili baş məşqçi kimi qarşılayanların 8-i də mövsümü sona çatdıra bilib.

 

Yolayrıcında ilk

2017-ci ilin ilk istefası Premyer Liqa başa çatan kimi gerçəkləşib. AZAL-ı güclülər sırasında saxlaya bilməyən Tərlan Əhmədov problemlər içində vurnuxan və I diviziona yuvarlanan komandadan ayrılıb. O, ümumilikdə 113 görüşdə rəhbərlik etdiyi “təyyarəçilər”in bu enişindən sonra mövsümün ilkini reallaşdırıb.

 

Yenə paytaxtda

İlin ikinci istefası da paytaxtda gerçəkləşdi. Bu dəfə “Neftçi” fərqləndi. Avrokuboklardan kənar qaldıqda da Elxan Abdullayevə güvənən bakılılar yeni mövsümün ilk iki oyunundan sonra səhvini düzəltdi. “Ağ-qaralar” 31 matçda güvəndikləri çalışdırıcı ilə işbirliyinə son qoydu. Abdullayevdən sonra komandaya rəhbərlik edən Elşad Əhmədov bu posta müvəqqəti gəldiyindən cəmi 2 tur burada qaldı.

 

Ad dəyişdi, istefa gerçəkləşdi

2017-ci ilin 3-cü istefası da paytaxt təmsilçisində gerçəkləşdi. “İnter” adını “Keşlə”yə dəyişib çalışdırıcı kreslosunda da yeniliyə ehtiyac duydu. Nəticədə 94 oyunda bakılıları meydana çıxaran Zaur Svanadze Gürcüstana qayıtdı. Baş məşqçi axtarışına çıxan keşləlilər müvəqqəti Ramiz Məmmədova güvəndi. Onun qısamüddətli fəaliyyəti 7 görüşü əhatə etdi və ilin sonunda postu ukraynalı Yuri Maksimova təhvil verdi.

 

Gözlənilən istefa

2017/18 mövsümünün ilk yarısının ən uğursuz komandası olan “Kəpəz” də qış fasiləsinədək yeniliyə əl atdı. Ardıcıl məğlubiyyətlər rəhbərliyin səbir kasasını daşıran kimi Şahin Diniyev vəzifəsindən göndərildi. Qərbliləri 100-dən artıq matça çıxaran mütəxəssisi Yunis Hüseynov əvəzlədi.