Sabah Azərbaycan futboluna 70-ci avrokubok qələbəsi əlavə oluna bilər. Apasport.az saytının məlumatına görə, Avropa Liqasının II təsnifat mərhələsində qazanılacaq ilk uğur təmsilçilərimiz üçün yubiley xarakteri daşıyacaq.
Çünki 1994-cü ildə qitə səhnəsinə çıxan təmsilçilərimiz indiyədək 69 qələbə qazanıb. 69-cu qələbəni “Qarabağ” dünən əldə edib. Çempionlar Liqasının II təsnifat mərhələsində Lüksemburq “Düdelanj”ına 2 cavabsız qol vuran ağdamlıların uğurunu davam etdirəcək komanda “70”ə çatmağımıza səbəb olacaq.
Meydana hamıdan tez və evdə çıxan “Neftçi” Makedoniya “Şkendiya”sı ilə görüşdə yubileyi rəsmiləşdirməsə, ümid səfər oyunlarına qalacaq. Əvvəl “Kəpəz” Avstriyada “Admira”nın, sonra isə “Qəbələ” Macarıstanda MTK-nın qonağı olacaq.
Qeyd edək ki, 22 ildə 255 avrokubok matçında çıxan Azərbaycan klubları 69 qələbə qazanıb, 65 heç-heçə edib və 121 dəfə uduzub.