[b]Yute Naqatomo: “Qarabağ” bizə qol vura bilərdi...[/b]
03.10.2014 - 15:49
[b]Yute Naqatomo: “Qarabağ” bizə qol vura bilərdi...[/b]

Avroliqanın qrup mərhələsinin II turunda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edən İtaliyanın “İnter” klubunun yarımmüdafiəçisi Yute Naqatomo oyun haqqında fikirlərini açıqlayıb. Apasport.az xəbər verir ki, matçdan sonra açıqlama verən yaponiyalı futbolçu komandada əhval-ruhiyyənin düzəldiyini söyləyib.

 

O bildirib ki, “Qarabağ” üzərində qələbədən sonra paltardəyişmə otağında xoş atmosfer var idi: “İndi biz “Fiorentina”nı məğlub etmək haqqında düşünməliyik. Çətin oyunda qələbə qazandıq. Matçdan sonra əhval-ruhiyyə əla idi. “Qarabağ” asan rəqib deyil. Oyuna onlar daha yaxşı başlasalar da, biz özümüzə gələ bildik. “Kalyari”yə 1:4 hesablı məğlubiyyətin psixoloji təsiri özünü ilk dəqiqələrdə göstərirdi. Amma sonra vəziyyəti dəyişdik. Hesab edirəm ki, lazım olan qalibiyyəti əldə etdik. Bu matç “Fiorentina” ilə oyuna da öz təsiri göstərəcək”.

 

Naqatomo “İnter”in müdafiə xəttində problemlərin olmasını təsdiq edib: “Düzdü, müdafiə xəttimizdə problemlər var. Amma məğlubiyyətləri tək onların ayağına yazmaq olmaz. Əgər biz uduzuruqsa, deməli, bütün komanda günahkardır. Sabah baş məşqçimiz Valter Matsarri “Qarabağ”la oyundakı səhvlərimizi bizə izah edəcək. Çünki həqiqətən də bu matçda da ciddi səhvlər etdik. Hansı ki, həmin epizodlarda rəqib qapımıza qol vura bilərdi. Lakin sonradan həmin səhvlərimizi daha yaxşı şəkildə sığortaladıq və qələbə qazandıq”.