“Keşlə” klubunun prezidenti Zaur Axundovun apasport.az saytına müsahibəsi
- Komandanız Premyer Liqanın XXI turunda “Qarabağ”la heç-heçə (1:1) etdi. Ümumiyyətlə, qış fasiləsindən sonrakı çıxış yəqin ki, ürəyinizcə olar...
- Əlbəttə, gedişatdan razıyam. Qış transfer dönəmində fəal iştirak etdik. Düzdü, bütün transferlər ümidlərimizi doğrultmadı. Bu da normaldı. Qış fasiləsindən sonra komandada müəyyən dəyişikliklər oldu. Sərgilənən oyun arasındakı fərqi hamı görür. Oyundan-oyuna futbolçular bir-birlərini daha yaxşı başa düşürlər.
- Pərdis Fərzad-Azad son dəqiqələrdə paxıllıq etməsəydi, “Qarabağ” üzərində qələbə də qazana bilərdiniz. Ona irad bildirdinizmi?
- Əlbəttə, öz iradımı bildirdim. Futbolçudu, top sol ayağına düşdü, zərbə vurmaq istədi. Amma boş mövqedə dayanan Slavik Alxasova ötürmə versəydi, nəticə başqa cür ola, Slavik də matçın qəhrəmanına çevrilə bilərdi. Amma “Qarabağ”ın da kifayət qədər yüz faizlik qol şansı oldu. Elə oyun idi ki, hər iki komanda qələbə qazana bilərdi. Futbolda belə şeylər olur.
- Matçın 60-cı dəqiqəsində rəqib futbolçu ilə mübahisəyə girən Sezar Meza Kolli qırmızı vərəqə aldı. Onunla görüşünüz olubmu?
- Görüş bitdikdən sonra paltardəyişmə otağında Sezara öz iradlarımı bildirdim. Bu, yolverilməz addımdı. Hakim həmin epizodda qırmızı vərəqə göstərməkdə tam haqlı idi. Belə hallara yol vermək olmaz. Ümidvaram ki, həm Sezar, həm də digər oyunçular bundan sonra eyni hərəkəti təkrarlamazlar.
- İtaliyalı yarımmüdafiəçini hansısa cərimə gözləyirmi?
- Bu barədə hələ dəqiq bir şey yoxdu. İclas keçirib bunu müzakirə edəcəyik. Meydanda komandanı çətin vəziyyətdə qoymaq olmaz.
- Qış fasiləsindən sonra liderlər qrupunda qərarlaşan komandalardan “Qarabağ” və “Qəbələ” ilə heç-heçə etdiniz, “Zirə” üzərində qələbə qazandınız. Bu, nə ilə bağlıdı?
- Bunda yeni baş məşqçinin əməyi danılmazdı. Eyni zamanda yeni transferlərlə komanda gücləndi. Düzgün təlim-məşq toplanışının keçirilməsini və komanda daxilində mehribanlığı da qeyd etməliyəm. Amma hələ görüləsi işlərimiz var. Bu da qısa zaman tələb edir.
- Baş məşqçi Yuri Maksimov oyunsonrası mətbuat konfransında “transfer pəncərəsi” zamanı az büdcə ayırılmasından və transferlərin istədiyi səviyyədə olmamasından gileylənmişdi...
- Açığı, həmin fikirləri oxumamışam. O ki qaldı transferlərə, futbolçuları baş məşqçi özü seçib. Oyunçu seçiminə Yuri Maksimov və seleksiya üzrə məşqçi Zaur İsmayılov baxırdı. Baş məşqçi hansı futbolçunu bəyənibsə, onu da gətirmişik. Bu məsələ birbaşa onun səlahiyyətində idi. Biz özümüz hansısa oyunçunu gətirməmişik.
- Pablo Podio və Nemanya Stoyanoviç ümidləri doğrultmadılar. Onların yayda yola salınacağını indidən demək olarmı?
- Bəli, onlar ümidləri doğrulda bilmirlər. Amma müqavilələri davam edir. Həm onların, həm də digər futbolçuların məsələsinə mayın sonunda baxılacaq.
- Ölkə kubokunun yarımfinalında “Sumqayıt”la qarşılaşacaqsınız. Bu turnirdə sona qədər getmək nə dərəcədə real görünür?
- Əsas hədəfimiz kuboku qazanmaqdı və bunun üçün mübarizə aparacağıq. İlk olaraq “Sumqayıt”la yarımfinal matçlarına köklənmək lazımdı. Avropa Liqasına yollanmaq istəyirik. Əlimizdən gələni edəcəyik ki, bunu reallaşdıra bilək.
Ruslan SADIQOV