Topaz Premyer Liqasının mayın 28-də keçiriləcək son turu bürünc mükafatçının adına aydınlıq gətirmək baxımından həlledici olacaq. Apasport.az saytının məlumatına görə, 3-cü yerin sahibi “Qəbələ” və “Neftçi”nin qiyabi mübarizəsində bilinəcək.
Öz meydanında oynayacaq rəqiblərdən əyalət təmsilçisi autsayder “Bakı”nı, paytaxt klubu isə AZAL-ı qəbul edəcək. Bu mübarizədə bakılıların şansları sıfıra yaxındı.
Çünki “ağ-qaralar” son matçda xal hesabında 3, top fərqində 4, vurulan qollarda 6-ya bərabər geriliyi aradan qaldırmalıdı. Bürünc üçün 1 xala ehtiyacı olan “Qəbələ”nin autsayderə yenilməsi inandırıcı deyil.
Əgər bu baş versə də, “Neftçi”yə paytaxt derbisindəki qələbə kifayət deyil. Şəxsi oyunlarında tam bərabərlik olan rəqiblərin qələbə sayı da bərabərləşəcək. Bu vəziyyətdə həlledici ola bilən top fərqlərinin nisbəti əyalət klubunun xeyrinədi.
Paytaxt təmsilçisinin top fərqi 5, “Qəbələ”də 9-du. Burada üstünlüyü öz xeyrinə dəyişmək üçün “Bakı” 1 top fərqi ilə qalib gəlsə, “Neftçi” minimum 4, həmşəhərliləri 2 topa sevinsə, “ağ-qaralar” AZAL-a ən azı 3 qol artıq vurmalıdı.
Bakılılar top fərqində bərabərliyə nail olsa (həm “Bakı”, həm “Neftçi” 2 top fərqilə qalib gəlsə və s.) onda vurulan qol sayında “Qəbələ” öndə olacaq. Belə olan halda, gərək “Neftçi” əyalət təmsilçisi ilə müqayisədə 7 top çox vursun, yəni ən azı 7:5 hesabı ilə qalib gəlsin.
Ölkənin ən titullu klubu inandırıcı görünməyən 6:4 hesabı ilə qalib gəlsə, “Qəbələ” 0:2 hesabı ilə uduzsa (və ya hesablar 6:3, 0:1 olsa) qeyri-adi hadisə yaşanacaq. Onda şəxsi oyunlar, qələbə sayı, top fərqi və vurulan qollarda mütləq bərabərlik qeydə alınacaq. Bu zaman bürünc medal daha az qayda pozuntusuna yol vermiş komandaya nəsib olacaq. Burada isə “Qəbələ” daha intizamlı olması ilə rəqibindən üstündü.
Qeyd edək ki, XXXVI tur 3-cü yerlə yanaşı, 5-ci və 7-ci yer uğrunda mübarizənin qalibinin adına də aydınlıq gətirəcək. “Simurq”la AZAL 5-ci, “Xəzər Lənkəran”la “Sumqayıt” 7-ci olmaq üçün qiyabi mübarizə aparacaq.