"Mançester Yunayted" rəhbərliyi təcrübəli futbolçu Maykl Kerriklə yeni müqavilə imzalayıb. Apasport.az saytının məlumatına görə, "mankunianlar" 34 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini daha 1 illiyinə uzadıblar. Razılaşmaya əsasən, Kerrik gələn ilin yayına qədər Premyer Liqa klubunun formasını geyinəcək. Bu məlumatı "Mançester Yunayted"in rəsmi saytı da təsdiqləyib. Kerrik açıqlamasında ona güvəndiyi üçün klub rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edək ki, 2006-cı ildən "Mançester Yunayted"in formasını geyinən Kerrik bu vaxta qədər 376 oyunda 23 qola imza atıb. O, hazırkı komandasının heyətində 5 dəfə İngiltərə çempionu, 1 dəfə isə Çempionlar Liqasının qalibi adını qazanıb.