[b]"Qəbələ"də ukraynalı hücumçu![/b]
19.06.2015 - 16:32
[b]"Qəbələ"də ukraynalı hücumçu![/b]

“Qəbələ” daha bir futbolçunun transferini gerçəkləşdirib. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisi Ukrayna millisinin sabiq üzvü Aleksey Antonovla anlaşıb.

 

Razılaşmaya əsasən, 29 yaşlı hücumçu qarşıdakı 2 ili “Qəbələ”də keçirəcək.

 

2011-ci ildə Ukrayna yığmasının İsveçlə yoxlama görüşündə debüt edən hücumçu millidəki son matçını ötən il keçirib. O, 2014-cü ildə Nigerlə yoldaşlıq matçından sonra yığmaya çağırılmayıb. Bunadək isə Aleksey ölkəsinin aşağı yaş qruplarından olan yığmalarında çıxış edib.

 

Antonovun keçidində “Qəbələ”nin ukraynalı baş məşqçisi Roman Qriqorçukun futbolçunun bacarığına bələd olmasının rolu az deyil. Belə ki, son klubu Qazaxıstanın “Aktobe” komandası olan hücumçu bundan əvvəl Qriqorçukun rəhbərliyi altında çıxış edib.

 

O, 2013/14 mövsümündə “Çernomorets”ində bu mütəxəssisin rəhbərliyi altında oynayıb. Son 1 ili Qazaxıstanda keçirən Aleksey 17 oyunda 8 qol vurub.

 

Qeyd edək ki, Antonov karyerası ərzində vətənində “Dnepr-2” (2003-04), “Metallist” (2007-10), “Zarya” (2008-09), “İliçevets” (2010-11), “Dnepr” (2011-13), “Krivbass” (2012-13), Rusiyada isə “Kuban”ın (2004-07) şərəfini qoruyub.