Adrian Ropotan: Uduzuruqsa, hər birimizin günahıdır - MÜSAHİBƏ
09.10.2014 - 10:23
Adrian Ropotan: Uduzuruqsa, hər birimizin günahıdır - MÜSAHİBƏ

“Qəbələ” klubunun yarımmüdafiəçisi Adrian Ropotanın apasport.az saytına müsahibəsi

 

- Çempionatda yaranmış fasilədən istifadə edib arxada qalan 7 turla bağlı fikrinizi bilmək maraqlı olardı...

- Arxada qalan oyunlara və qazanılan nəticələrə diqqət yetirdikdə, bundan da yaxşısını etməyin mümkünlüyünü qeyd etmək istərdim. Ancaq futboldur, hər şey baş verə bilər. Biz bütün oyunlara 3 xal qazanmaq üçün çıxmışdıq. Lakin bu qədər xal toplaya bildik.

 

- “Qəbələ” ardıcıl qələbələr qazana bilmir. Bu cür qeyri-sabit oyunun səbəbi nədir?

- Bu problem deyil. Futbol elə oyundur ki, bütün matçlarda qələbə qazana bilmirsən. Əgər belə olsaydı, oynamağının mənası qalmazdı. Qələbə, heç-heçə, məğlubiyyət-bunlar futbolda normal nəticələrdir.

 

- Amma komandanın qarşısına çempion olmaq tapşırığı qoyulub. Bu məqsədə çatmaq üçün sabit çıxış etmək mütləqdir..

- Əlbəttə, biz də yaxşı nəticə qazanmaq üçün çalışırıq. Birinci yer uğrunda mübarizə aparırıq. Məqsədimizə çatmaq üçün ağır məşqlər edirik. Belə bir tapşırıq olmasaydı, onda heç ağır məşqlər etməzdik. Çalışırıq ki, bu məşqlərin nəticəsini oyunlarda da göstərək.

 

- 7 oyuna 7 top vurub, 8-nu buraxmısınız. Bu nəyin göstəricisidir - hücum xətti işinin öhdəsindən gələ bilir, yoxsa müdafiədə boşluqlar çoxdur?

- Hücumçuların və müdafiəçilərin səhv etdiyini deyə bilmərəm. Çünki futbol komanda oyunudur və biz də bir komandayıq. Uduruqsa komandanın, uduzuruqsa, hər birimizin günahıdır. Filankəsin səhvindən uduzduq, deməmişəm. Bu həyatım boyu da demərəm. Çünki hamımız bərabərik.

 

- Yığmanın oyunları ilə bağlı yaranan fasilədən necə istifadə edirsiniz?

- Əvvəla bu cür fasilənin olmasının yaxşı və ya pis olduğunu deyə bilmərəm. Hər gün məşqlərimizi davam etdiririk. Əlbəttə, daha çox oyun keçirsək yaxşı olardı. Belə fasilə yaranan zaman ancaq məşqlər edir, növbəti matça hazırlaşırıq.

 

- Premyer Liqa ilə bağlı təəssüratlarınız necədir?

- Çempionatın oyunları maraqlı keçir. Çünki komandalar güclü futbolçular transfer ediblər. İldən ilə daha da yaxşılığa doğru gedir. “Qarabağ”ın hansı mərhələyə yüksəldiyini hamınız görürsünüz. Komanda Avropa Liqasının qrup mərhələsində çıxış edir. “İnter”, “Neftçi”də güclü və yaxşı oyunçulara sahibdirlər.

 

- Çempionluq yolunda əsas rəqibləriniz adlarını çəkdiyiniz komandalardır?

- Onların adını çəkərkən çempionatın yalnız bu cür güclü komandalardan ibarət olduğunu demək istəmədim. “Neftçi” kimi komanda ilə heç-heçə oynadığımız halda, AZAL-a məğlub olduq. Çempionatı bilmək olmur. Ona görə də deyə bilmərəm ki, bizim əsas rəqibimiz yalnız adlarını çəkdiyim komandalardır.

 

- Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Rəqib haqda nə düşünürsünüz?

- Çox çətin oyun olacaq. Əgər hamımız baş məşqçinin tapşırığını yerinə yetirsək, mübarizə aparsaq yaxşı nəticə qazana bilərik. Səfərə uduzmaq üçün getməyəcəyik.

 

- Ötən mövsüm “Qəbələ” “Qarabağ”ı məğlub edə bilməyib. Bu sindrom yarada bilərmi?

- Ötən mövsüm keçmişdə qaldı. “Neftçi” ilə də uğursuz oyunlar seriyası var idi. Vacib olan hazırkı çempionatdır.