Azərbaycan və Qazaxıstan yığmaları arasında yoldaşlıq oyunu keçirilməyəcək. Bu məlumatı apasport.az saytına açıqlamasında AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu verib.
O bildirib ki, Qazaxıstan Futbol Federasiyası iyunun 16-da yoxlama oyunu keçirməklə bağlı AFFA-ya müraciətə edib. Nərimanoğlunun sözlərinə görə, müraciəti müzakirə edən assosiasiya rəhbərliyi məsələylə bağlı qərarını verib: “Qazaxıstan Futbol Federasiyası iyunun 16-da iki ölkənin milli komandaları arasında yoxlama oyunu keçirməklə bağlı AFFA-ya müraciət etmişdi. Lakin belə bir oyun əvvəlcədən nəzərə tutulmadığından və klublarımız Çempionlar Liqası ilə Avropa Liqasına hazırlıq məqsədilə təlim-məşq toplanışlarında olacağından müraciət müsbət dəyərləndirilməyib”.
Qeyd edək ki, Qazaxıstan Futbol Federasiyası yığmanın iyunun 16-da Kabo-Verde ilə keçirilməli olan yoldaşlıq oyunu baş tutmadığından həmin gün qüvvəsini sınamaq üçün alternativ variant axtarır. Onlar bu məqsədlə Azərbaycan və İraq millilərinə təklif göndərib.