“Komanda yoldaşlarıma çəkdikləri əziyyətə görə təşəkkür edirəm. Bu gün həqiqətən də xarakter göstərdik və hesabda 2 top fərqi ilə geridə olduğumuz matçı bərabərliklə başa vurduq”. Bunu apasport.az saytına “Xəzər Lənkəran”ın hücumçusu Ağabala Ramazanov deyib.
Topaz Premyer Liqasının XXIX turunda əzəli rəqibi “Neftçi” ilə oyun zamanı hesabda geri düşən cənub təmsilçisi fasilədən sonra 2 top vurmaqla 1 xal qazanıb. Oyuna uğursuz başlamaları haqda danışan meydan sahiblərinin hücumçusu qırmızı vərəqənin də çıxışlarına təsir etdiyini vurğulayıb: “Alfred Sankonun qırmızı vərəqə ilə cəzalandırılması birinci hissədə oyunumuza mənfi təsir göstərdi. Amma toparlanmağı bacardıq. Paltardəyişmə otağında sözləşdik ki, burda “Neftçi”yə uduzmamışıqsa, bu gün uduzmamalıyıq”.
Hücumçu fasilədən sonra daha yaxşı çıxış etmələrini isə belə izah etdi: “Oyuna yaxşı başlamamışdıq. Üstəlik, qırmızı vərəqə almağımız da bizə pis təsir etdi. Ancaq əzmkarlıq göstərdik. Elə bunun hesabına meydanı heç-heçə ilə tərk etdik”.
Futbolçu Sankoya göstərilən qırmızı vərəqə ilə bağlı hakimin haqlı qərar çıxardığını də sözlərinə əlavə etdi: “Hakimin Sankoya qırmızı vərəqə göstərməsi ilə razıyam. Çünki hücum quran rəqibin qarşısını kobudluqla saxladı. Buna görə də ikinci sarı-qırmızı vərəqə qərarı düzgün idi”.
Məğlub durumdan heç-heçə (2:2) etməyi bacaran əyalət təmsilçisinin hücumçusu bir məqama görə məyus olduğunu gizlətməyib: “Qol vuracağımla bağlı söz vermişdim. Ancaq bu dəfə bacarmadım. Gələn oyunlarda bunu edərəm”.