Ağasəlim Mircavadov: Onlar özlərini reklam etməyə çalışacaq
02.10.2014 - 14:00
Ağasəlim Mircavadov: Onlar özlərini reklam etməyə çalışacaq

“Adətən məşqçini yığmaya dəvət edəndə eyni ölkələrdən olanlara üstünlük verilir ki, sistem arada pozulmasın. Cennaro Qattuzo italyandır və bu ölkənin futbol üslubunda məşqçilik edəcək. Onda gərək U-15, U-16, U-17 və U-19 da bu sistemə uyğun qurulsun. Yığmada da baş məşqçi almaniyalı Berti Foqtsdur”. Bunu apasport.az saytına “Şöhrət” ordenli məşqçimiz Ağasəlim Mircavadov deyib.

 

Hazırda Yunanıstanın OFİ klubunu çalışdıran İtaliya yığmasının və “Milan”ın əfsanəvi futbolçularından Cennaro Qattuzo açıqlamasında Azərbaycanda işləyə biləcəyini və onu heç nəyin qorxutmadığını bildirib. Bundan sonra Qattuzonun U-21-də Bernhard Lippertin yerinə gələcəyi xəbərləri yayıldı.

 

Mircavadov isə məşqçi kimi heç bir uğuru olmayan Qattuzonun bura gəlməsini tənqid edib: “Əcnəbi məşqçi bura dəvət olunanda hər hansısa bir uğuru olmalıdır. Azərbaycan AVRO-2020-yə ev sahibliyi əldə edəndən sonra belə bir çox məşqçilər özlərini bizim ölkə ilə reklam etməyə çalışacaq. Qattuzo Azərbaycana gəlməkdən qorxmuram deyib. Bəyəm Azərbaycan nədir ki? Bura kənd zaddır bəyəm? Gözəl bir şəhərimiz, hər bir dildə danışmağı bacaran mehriban insanlarımız var. Vallah, mənə belə şeylər çox qəribə gəlir. Paolo Maldini gördü ki, məşqçilik qabiliyyəti yoxdur, ona görə də işləmədi. Zinəddin Zidan kimi oyunçu Fransa yığmasında işləyə bilərdi, ancaq millini çalışdırmaqdan imtina etdi. Dedi ki, mən hələ öyrənməliyəm və gedib “Real”ın əvəzedici komandasında işləməyə başladı. Dahi məşqçi olmaq istəyirsə, düz edib. Amma Qattuzo...”.

 

Səbuhi TOFİQOĞLU