[b]Ağasəlim Mircavadov: Topaz Premyer Liqası bu səviyyədədirsə... - MÜSAHİBƏ[/b]
27.04.2016 - 12:05
[b]Ağasəlim Mircavadov: Topaz Premyer Liqası bu səviyyədədirsə... - MÜSAHİBƏ[/b]

Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi

 

- Bu gün Azərbaycan Kubokunun yarımfinal mərhələsində ilk oyunlar keçiriləcək. Əvvəlcə “İnter” – “Qarabağ” cütlüyü barədə fikirlərinizi bildirərdiniz...

- Bildiyiniz kimi, məlum səbəblərdən “İnter”in Avrokubokda oynamaq hüququ yoxdu. Şəxsən mən “İnter”in qələbəsinə inanmıram. Çempionatın son turunda “Qarabağ” bu komandanı çox asanlıqla məğlub etdi. “Qarabağ” favoritdi, buna şübhə yoxdu. Amma kubokla çempionatdakı mübarizə fərqli olur. Kubokda həm oyun, həm də gərginlik başqa cürdü. Çünki mövsümü titulla bitirmək üçün kubok ən yaxın vasitədi.

 

- “İnter” uzun müddətdi “Qarabağ”a qalib gələ bilmir. Üstəlik, hazırda heyətində də ciddi itkilər var. Ağdam klubunun finala vəsiqəni ilk matçda təmin edəcəyini düşünmək olarmı?

- Bəzən elə oyun olur ki, futbolçular özlərindən yuxarı hoppanırlar. Düşünmürəm ki, “Qarabağ” çempionatdakı kimi, asan qələbə qazanacaq. Çünki cütün taleyi 2 oyundan asılı olur. “İnter”də gərginlik var. Sizə bir misal çəkim. Dünən Çempionlar Liqasının yarımfinal mərhələsində “Real” “Mançester Siti” ilə matçda sadə taktika seçdi: top buraxmamaq və imkan daxilində qol vurmaq. Amma “İnter” “Real” deyil. Komanda oyunçuya və rəqibə görə strategiyasını dəyişə bilər. Bu gün də “İnter”in bunları nəzərə alıb, meydana fərqli taktika ilə çıxacağını düşünürəm.

 

- “Neftçi” – “Qəbələ” cütlüyündə kimi şanslı görürsünüz?

- “Qəbələ” minimum 80 faiz Avrokubokda iştirakı təmin edib. Ancaq kuboku da qazanmaq istəyəcək. O ki qaldı “Neftçi”yə, bu, onların son şansıdı. Hər iki komanda son oyunlarını istənilən səviyyədə keçirmir. Hər ikisində problemlər var. Xüsusən də, “Neftçi”nin problemləri çoxdandı mövcuddu.

 

- “Neftçi”nin çempionatda da işləri qaydasında getmir. Bu komandanın ölkə kubokunu qazanaraq, Avrokuboka getmək şansı nə dərəcədə realdı?

- “Qəbələ”ni keçsələr, finalda “Qarabağ”la qarşılaşacaqlar. Əvvəl kubokun finalçısı Avrokuboka gedirdi, amma indi belə deyil. “Neftçi” futbolçuları da özlərindən çox hündürə hoppanmalıdırlar. Avropada oynamaq istəyirlərsə, nəyin bahasına olursa-olsun, kuboku qazanmalıdılar.

 

- “Qəbələ”nin də uğurlu mövsüm keçirdiyini demək olmaz. Onların kuboku qazanmaq şanslarını necə dəyərləndirirsiniz?

- Avropanın bütün ölkələrində olduğu kimi, bizdə də top-klublar var. Əvvəllər “Neftçi”, “Xəzər Lənkəran”, “Qarabağ”, “İnter”, “Bakı” kimi komandalar arasında çempionluq mübarizəsi gedirdi. Buna görə də çempionatımız inkişaf edirdi. Amma indi nə həmin səviyyə var, nə də o klublar. Etiraf edək ki, çempionatımızda gərginlik yoxdu. “Qəbələ” çempion ola bilməyəcəyindən, bütün diqqətini kuboka yönəldəcək. Kuboku qazanmaq da uğurdu.

 

- Sizcə, finalda hansı komandalar qarşılaşacaq?

- Bir cütlükdə “Qarabağ”ı finalçı görürəm. Amma “Neftçi” – “Qəbələ” görüşləri gərgin olacaq. Bu cütlüklə bağlı proqnoz vermək çətindi. Ümumilikdə “Qarabağ”ı hamısından üstün tuturam.

 

- “Zirə” və “İnter” Avrokuboka getməyəcəyindən, çempionatı 5-6-cı sırada bitirən komandaların şansı artıb. Bu, gələn mövsüm Avropa arenasında fiasko ilə nəticələnməz?

- Sizinlə tam razıyam. Ümumiyyətlə, Avrokuboka ikinci kimi yollanacaq komandanın da işi çətin olacaq. Fikrimcə, hətta “Qarabağ” da heyətini gücləndirməlidi. Bu komandanın hazırkı heyətlə Çempionlar Liqasının qrupuna düşəcəyinə inanmıram. Mütləq transferlər olmalıdı.

 

- Mayın 5-də ölkəmizdə 17 yaşadək futbolçular arasında Avropa çempionatı start götürəcək. Yığmamızın bu turnirdəki şansını necə görürsünüz?

- Millinin hazırlığı ilə çox yaxından maraqlanırıq. Uşaqlar var gücləri ilə hazırlaşırlar. UEFA-nın qitə birinciliyini Azərbaycana həvalə etməsi özü böyük uğurdu. 16 güclü komanda iştirak edəcək. Top-ölkələrin hamısı burda olacaq.

 

- Yığmamızda əcnəbilərin çox olması sizcə, normal haldı?

- Əcnəbi deyəndə, onlar Türkiyə əsilli oyunçulardı. Onlar artıq neçə ildi ki, millimizdə oynamaq istəyirlər.

 

- Hər halda, onlar Azərbaycan futbolunun yetirmələri deyillər...

- Bilirsiniz, əgər nəsə əldə etmək istəyiriksə, başqa ölkələrdə yaşayan belə oyunçulardan istifadə etməliyik.

 

- Belə çıxır ki, lazımi səviyyədə yerli futbolçumuz yoxdu...

- Bəli, yerli oyunçu sayı kifayət qədər deyil. Komandamız seçmə mərhələdə mübarizə aparsaydı, o futbolçuların da gücü bilinəcəkdi. Birdən-birə final mərhələsində mübarizə aparacağıq. Burda iştirak etmək üçün də güclü oyunçular lazımdı. Baş məşqçi Təbriz Həsənov uzun müddətdi bu futbolçuların üzərində çalışır. Belə danışaq də. Bizim Premyer Liqamız bu səviyyədədirsə, görün, 17 yaşlıların çempionatı hansı vəziyyətdədi. Bu yaxınlarda “Qəbələ”nin akademiyasında olduq, onların məşqçiləri ilə görüşdük. Baş məşqçiləri türkiyəlidi. O bildirdi ki, Azərbaycanda aşağı yaş qrupu üzrə çempionatlar gərgin keçmir. Dedi ki, bəzi komandalarımız öz yaşıdları ilə oyunun 20-ci dəqiqəsində 4:0 hesabı ilə önə keçirlər. Buna görə də, rəhbərlik aşağı yaş qrupu komandalarının inkişaf etməsi üçün onları tez-tez xaricə göndərir. Ancaq xarici komandalarla yoxlama görüşlərində də 20-ci dəqiqədən sonra 4 top fərqi ilə geri düşürlər. Bu da səviyyə fərqini göstərir.

 

Ruslan SADIQOV

 

0