Ağayevin quru seriyası qırıldı
17.11.2014 - 10:20
Ağayevin quru seriyası qırıldı

Azərbaycan millisinin qapıçısı Səlahət Ağayevin quru seriyası qırılıb. Apasport.az saytının məlumatına görə, meydana çıxdığı son 4 matçda qol buraxmayan qolkiper AVRO-2016-nın seçmə mərhələsinin Norveçlə oyununda üzülüb.

 

Matçın 25-ci dəqiqəsində fərqlənən Havard Nortveyt ardıcıl 5-ci quru matçın baş tutmasına əngəl olub. Ağayev sonuncu dəfə DÇ-2014-ün Şimali İrlandiya ilə matçında qapısında qol görmüşdü. 2012-ci il noyabrın 14-də Belfastdakı matçın (1:1) uzatma dəqiqələrində topu qapısında görən Ağayev bundan sonrakı 4 yoxlama oyununda etibarlılığı ilə seçilmişdi.

 

Qapıçı həmin qarşılaşmadan 728 gün, 2 ilə 2 gün qalmış növbəti dəfə topu qapısından çıxarıb. 296 quru dəqiqədən sonra seriyası qırılan qapıçı millidə keçirdiyi ümumilikdə 7-ci matçda 2-ci qolu buraxdı. Hər iki topu seçmə matçlarında buraxan əlcək sahibi yoxlama oyunlarında qapısını toxunulmaz saxlayıb.