Almaniyada mərhələ açarı: penaltilər
09.04.2015 - 02:00
Almaniyada mərhələ açarı: penaltilər

Almaniya Federasiya kubokunda bütün yarımfinalçıların adları bəlli olub. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsində gecənin hər iki qarşılaşması gərginliyi ilə yadda qalıb.

 

Belə ki, son yarımfinalçılar 120 dəqiqə ərzində müəyyənləşməyincə, penaltilərə ehtiyac yaranıb. Gecənin ilk oyununda isə sürpriz nəticə qeydə alınıb. Almaniyanın 3-cü liqasında şəriksiz lider “Arminiya” yarımfinal mərhələsinə keçib. Komanda, bundesliqada medallar uğrunda mübarizə aparan Mönxenqladbaxın “Borussiya”sı ilə əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa vurub. 11 metrlik cərimə zərbələrini isə daha yaxşı yerinə yetirib (5:4).

 

Gecənin digər matçı da penaltilərə qədər uzanıb. Qolsuz bərabərliyin ardından “Bavariya”  “Bayer”in  ümidlərini boşa çıxarıb (5:3).

 

Xatırladaq ki, bir gün əvvəl “Volfsburq”  “Frayburq”u minimal hesabla üstələyərək yarımfinala adını yazdırıb. Digər  qarşılaşmada Dortmundun “Borussiya” klubu “Hoffenhaym”a əlavə vaxtda qalib gəlib (3:2).