Ançelotti: “Yuventus”da əsl döyüşçü ruhu var
06.05.2015 - 08:23
Ançelotti: “Yuventus”da əsl döyüşçü ruhu var

“Yuventus” əla formadadı. Bu komandada əsl döyüşçü ruhu var”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid “Real”ının baş məşqçisi Karlo Ançelotti deyib.

 

Çempionlar Liqasının yarımfinal mərhələsinin “Yuventus”la keçirilən ilk oyunundan (1:2) sonra UEFA-nın rəsmi saytına danışan italyan çalışdırıcı məğlubiyyəti şərh edib.

 

O, finala vəsiqənin sahibinin Madriddə bilinəcəyini vurğulayaraq, hələ heç nəyin həll olunmadığını qeyd edib: “Cavab matçı daha çətin olacaq. Bu görüş elə-belə oyun deyil, finala vəsiqə verir. Özümüzə güvənirik, çünki doğma meydanda oynayacağıq. Azarkeşlər də bizə kömək edəcəklər. “Yuventus” Andrea Pirlo, Karlo Teves və Arturo Vidalın üstün cəhətlərindən maksimum yararlanmağa çalışır. Onlara qarşı oynamaq çox çətindi, hər biri ayrılıqda təhlükəli futbolçudu. Düzdü, ilk görüşdə məğlub olmuşuq. Amma nəticə o qədər də pis deyil. Hər şey “Santyaqo Bernabeu”da həll olunacaq”.

 

Qeyd edək ki, “Real” və “Yuventus” arasındakı cavab görüşü mayın 13-də keçiriləcək.