Ansi Aqolli: Miron Markeviçin sözləri taktikadı
06.11.2014 - 18:00
Ansi Aqolli: Miron Markeviçin sözləri taktikadı

“Dnepr”in gücünə hamı bələddi. Bizi bu gün çətin qarşılaşma gözləyir. Kiyevdə bu rəqib üzərində qələbə qazandığımıza görə asan oyun olacağını deyə bilmərik. Çünki hər matçın başqa ab-havası olur. Meydana 3 xal üçün çıxacağıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli deyib.

 

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində bu gün Bakıda “Dnepr”i qəbul edəcək ağdamlıların futbolçusu qarşılaşma haqqında danışıb. O bildirib ki, indidən növbəti mərhələ haqqında düşünmək düzgün deyil.

 

“Bu gün bizi ağır oyun gözləyir. Bütün fikrimiz yalnız bu matçdadır və qrupdan çıxmaq haqqında düşünmürük. Həm də növbəti mərhələyə çıxmaq təkcə özümüzdən asılı deyil. “Sent-Etyen” “İnter”i məğlub etsə, qrupun taleyi növbəti turlara qalacaq. Amma biz çalışacağıq ki, Ukrayna klubuna qalib gəlib şansımızı daha da artıraq. Çətin, gərgin və maraqlı bir qarşılaşma olacaq” – deyə, Aqolli bildirib.

 

 

O, Dnepropetrovsk təmsilçisini hücumda daha təhlükəli olduğunu sözlərinə əlavə edib: “Onlar hücumda çox təhlükəlidirlər. Çempionatda keçirdikləri matçlara baxdıq. Hücuma çox sürətli çıxırlar. Yəqin ki, ilk dəqiqələrdən də bizim qapımıza yol tapmağa çalışacaqlar. Amma rəqibin istənilən taktikasına və hücumuna hazırıq. Öz oyunumuzu göstərib qalib gəlmək istəyirik”.

 

Albaniyalı futbolçu rəqib komandanın baş məşqçisi Miron Markoviçin Avroliqanı önəmli turnir saymamağına inanmır: “Öncə onu deyim ki, “Dnepr”in necə oynaması mənim üçün önəmli deyil. Yəni, ancaq komandamı düşünürəm. Amma rəqibin bu görüşü ciddiyə almamasına da inanmıram. Bəlkə də, Markeviçin sözləri də bir taktikadı. Biz istənilən halda, qarşılaşmaya ciddi yanaşırıq və ciddi hazırlaşırıq.  “Qarabağ”ın özünəməxsus oyun üslubu var. Yenə də məşqçimizin verdiyi tapşırıqları yerinə yetirib, 3 xalı əldə etmək üçün oynayacağıq”.