“Uduzsaq belə, mən oyunçularımdan razıyam. İkinci hissə tam bizim üstünlüyümüz şəraitində keçdi. Uduzmamalı idik”. Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov deyib.
Topaz Premyer Liqasının VIII turunun açılış oyununda “Gənclik şəhəri”nin təmsilçisi “Neftçi”ni qəbul edib. Qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatan matçdan sonra Məmmədov bildirib ki, ən azından heç-heçə edə bilərdilər: “Mövsümün ən yaxşı oyununu sərgilədik. Komanda olaraq, istənilən vəziyyətləri araşdırır, təhlil edirik. Məşq zamanı standart vəziyyətlərdə aldığımız nəticələrlə oyundakı nəticələr fərqlidir. Slavik Alxasov məşq zamanı elə zərbə vurur ki, az qala qapı toru parçalansın. Amma oyunda bunu bacarmadı. Futbolçuların keyfiyyətindən çox şey asılıdır”.
Mənbə: pfl.az