Arif Əsədov “gələcək”dən danışdı
11.10.2014 - 11:20
Arif Əsədov “gələcək”dən danışdı

“Hazırlıq çərçivəsində ikinci oyunumuzu “Bakı”ya qarşı keçirdik. Milli komandalara çağırılmış futbolçuların yoxluğunda daha çox gənclərin xidmətindən yararlandıq”.  Apasport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov deyib.

 

O, dünən “Bakı” ilə (0:0) keçirdikləri yoxlama görüşündən sonra fikirlərini açıqlayıb. “Ağ qaralar”ın çalışdırıcısı daha çox gənc futbolçular haqqında danışıb: “Qaradağ Lökbatan”la oyunda olduğu kimi, bu dəfə də daha çox gənclərə üstünlük verdik. Start heyətində əvəzedici komandadan 2 futbolçunu meydana buraxdıq. Sonradan daha 4 gənc oyunçuya şans verdik. Bu futbolçular “Neftçi”nin gələcəyidir və çalışırıq ki, onları əsas komandaya mümkün qədər tez cəlb edək. Gənclər püxtələşmək üçün daha çox oyun keçirməlidirlər. Zamanla onlar da əsas komandanın futbolçuları ilə ayaqlaşacaqlar. İnanıram ki, bu futbolçular yaxın gələcəkdə əsas heyətdə yerlərini möhkəmlədə biləcəklər. Onların simasında ümumilikdə ölkə futbolu da yeni adlar qazana bilər”.