Topaz Premyer Liqasının XXVIII turunda “Neftçi” Zaqatalada “Simurq”u 1:0 hesabı ilə məğlub etdi. Apasport.az saytının PFL-ə istinadən verdiyi məlumata görə, oyundan sonrakı mətbuat konfransında paytaxt təmsilçisinin baş məşqçisi Arif Əsədov qarşılaşmaya ciddi hazırlaşdıqlarını vurğulayıb.
Zaqatalaya iki gün əvvəl gəldiklərini deyən Əsədov, nəzərdə tutduqları kimi çıxış etdiklərini bildirib: “Düzdür, ilk hissədə istədiyimiz oyunu göstərə bilmədik. Fasilədə isə dəyişikliklər edib, lazımi nəticəni qazandıq. Qırmızı vərəqə aldıqdan sonra toparlanmağı bacardıq və qol vurduq”.
“Simurq”un baş məşqçisi George Çixradze isə ilk hissədə qazandıqları üstünlüyü sonradan əldən verdiklərini qeyd edib. Onun sözlərinə görə, rəqib adi qol vəziyyətindən istifadə edərək, matçın taleyini xeyrinə dəyişdi.