2014-cü ilin ən məhsuldar futbolçularının siyahısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ilin arxada qalan 8 ayı ərzində klub və yığma səviyyəsində keçirilən beynəlxalq oyunlarda fərqlənənlərin siyahısını tərtib edib.
Ötən ayla müqayisədə bombardirlər cədvəlində müəyyən dəyişikliklər qeydə alınıb. Lakin Qana millisinin futbolçusu Asamoa Qyan zirvədə qalıb. O, bu il yığmada vurduğu 3, “Əl-Ayn”da (BƏƏ) 12 qolla ümumi hesabda 15 topla 1-cidir. Portuqaliyalı Kriştianu Ronaldo 13 qolla 2-cidir. O, millidə 3, İspaniya “Real”ının heyətində 10 dəfə sevinib. Çıxış etdiyi Honkonq “Kitçi” klubunda 10 dəfə qol sevinci yaşayan ispaniyalı Xuan Belenkoso ilk “üçlüy”ü qapayır.
Qeyd edək ki, tərtib olunan siyahıya milli komanda və qitə kuboklarında üst-üstə ən azı 6 qol vuranlar daxil olub. Cədvəldə 39 oyunçu yer alıb. Azərbaycan təmsilçiləri arasında ən yaxşı göstəriciyə malik futbolçu isə Ernesy Nfordur. “Neftçi”nin kamerunlu hücumçusu 3 dəfə fərqlənib.