[b]AVRO-2016: Millimizin rəqiblərini tanıyaq - “Mavilər” [/b]
24.02.2014 - 15:20
[b]AVRO-2016: Millimizin rəqiblərini tanıyaq - “Mavilər” [/b]

2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının H qrupunda mübarizə aparacaq Azərbaycan millisi üçün ən çətin və arzuolunmaz rəqib, əlbəttə, İtaliya yığmasıdı. O İtaliya ki, indiyə qədər 4 dəfə – 1934, 1938, 1982 və 2006-cı illərdə dünyanın ən güclü komandası adını qazanıb.

 

Hazırda Çezare Prandellinin rəhbərliyində olan Apennin millisi 4 dəfə mundialın qızıl medallarını əldə etməklə yanaşı, 1968-ci ildə də Avropa qitəsinin baş kubokuna sahib çıxıb. Ardıcıl 2 dəfə – 1970 və 1974-cü illərdə dünya çempionatlarının gümüş medallarına yiyələnən “skuadra adzurra” haqqında uzun-uzadı təqdimata, sözün düzü, o qədər ehtiyac da yoxdu.

 

Tarix boyu futbolu ilə diqqəti çəkmiş İtaliya bu idman növünə məşhur müdafiə sistemi – “katenaçço”nu gətirməsi ilə də ad qazanıb. Baxmayaraq ki, hazırda total futbol sürət və texnikanı ön plana çəkib. Elə italyanların oyunlarında da əvvəlki kimi müdafiəyəmeylli taktikanı çox az görürük. 1978-ci ildə Argentinada keçirilən dünya çempionatını dördüncü yerdə başa vuran apenninlilərin heyətində daim parlaq simalar, əfsanəvi ulduzlar çıxış ediblər. Elə qarşıdakı dünya çempionatının final mərhələsinə də ulduzlarla hazırlaşan İtaliya yığması uzaq 1936-cı ildə Olimpiya Oyunlarının qalibi olmağa da imkan tapıb. Hələ Avropa çempionatlarında iki dəfə (2000 və 2012) gümüş medal sevincini yaşamalarını demirik.

 

Ümumi götürəndə, kifayət qədər uğurlu tarixə malik İtaliya futbolu hazırda da dünya nəhənglərindən sayılır. Dünya reytinq sıralamasında 8-ci olan Prandellinin komandası yayda Braziliyada təşkil ediləcək mundiala da, sözsüz, favorit kimi yollanacaq. 2010-cu ildən “mavilər”in baş məşqçisi təyin olunmuş Çezare Prandelli kifayət qədər nüfuzlu simadı. Vaxtilə millinin heyətində çıxış etmiş və istər yığma, istərsə də klub səviyyəsində mükafatlar qazanıb. 57 yaşlı mütəxəssis əsas komanda ilə 2012-ci ildə Avropa birinciliyinin gümüş medalını qazanıb, bir il sonra isə Konfederasiyalar Kubokunda bürünclə kifayətlənib.

 

2006 və 2007-ci illərdə ölkəsində “Qızıl oturacaq” mükafatı ilə təltif edilmiş Prandelli 2009-da da İtaliyanın ən yaxşı məşqçisi adına yiyələnib. Berti Foqtslu millimizə rəqib olacaq italyanlar bizə yad deyil.

AVRO-2004-ün seçmə qrup mərhələsində iki dəfə qarşılaşdığımız “göylər” Bakıdakı oyunda 2 cavabsız qolla kifayətlənsələr də, Reco di Kalabriyadakı cavab matçında güzəştə getməyiblər – 4:0.

 

Millimizin sabiq müdafiəçisi Tərlan Əhmədovun avtoqolla “tarix”ə düşdüyü ilk görüşdə digər qolu cərimə zərbəsindən əfsanəvi Alessandro del Pyeronun vurduğunu xatırlamayan az olar. İtaliyadakı qarşılaşmada isə “Superpippo” ləqəbli Filippo İnzaginin dublundan savayı, Kristian Vyeri ilə Marko di Vayo da fərqlənib. Hazırda həmin heyətdən yalnız Canluici Buffon qalır. Amma onun da növbəti dəfə Bakı gələcəyi sual altındadı. Çünki əfsanəvi qolkiper bu yaxınlarda verdiyi açıqlamada bildirmişdi ki, 2014-cü il dünya çempionatından sonra milli karyerasını başa vuracaq. 

 

İstənilən halda, İtaliya elə İtaliya olaraq qalır – güclü, təcrübəli, texnikalı və sürətli futbolçulardan ibarət bir komanda. Hazırkı heyətə nəzər salsaq, az əvvəlki cümlə ilə razılaşmamaq olmur. Reallığa qalanda isə italyanlarla növbəti qarşılaşmalarda biz yalnız möcüzəyə ümid edəcəyik. O vaxta hələ çox qalsa da, dəyişiləcək nələrsə mümkün olsa belə, reallığı dəyişmək mümkünsüzdü.

Elvin ƏHƏD