Azərbaycan yığmasının 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqiblərindən biri Xorvatiya yığmasıdır. Apasport.az saytının məlumatına görə, xorvatiyalılar komandamızın yer aldığı H qrupuna II səbətdən düşüblər.
Xorvatiya millisini vaxtilə “Herta”, “Bayer”, “Hamburq” və “Bavariya”da çıxış etmiş Almaniya doğumlu Niko Kovaç çalışdırır. 42 yaşlı çalışdırıcı bu postda komandanı qrup birincisi kimi birbaşa dünya çempionatına çıxarmağı bacarmadığı üçün istefa verən İqor Ştimatsın yerinə təyin olunub. O, İslandiya ilə pley-off matçlarında komandaya rəhbərlik edib və 2 oyunun nəticəsinə görə Xorvatiyanı bu il Braziliyada keçiriləcək dünya çempionatına çıxarıb.
Bununla, Xorvatiya ardıcıl 4-cü dəfə mundialda iştirak etmək hüququ qazanıb. 1990-cı ildə Yuqoslaviyadan ayrılan xorvatlar ilk qeyri-rəsmi oyununu da məhz həmin ilin oktyabrın 17-də keçirib. Debütantlar Zaqrebdə ABŞ-ı 2:1 yenməyi bacarıblar. İlk rəsmi görüş isə 1992-ci ilin iyulun 5-də Melburnda Avstraliyaya qarşı olub. Bu matçda yaşıl qitə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.
Xorvatiyanın indiyədək ən böyük hesablı qələbəsi 7 top fərqi hesab olunur. Balkan yarımadasının təmsilçisi məhz həmin Avstraliyanı 6 il sonra Zaqrebə gəlməyə peşman edib – 7:0 Bu hesab 2006-cı ildə Andorra üzərində də təkrarlanıb. Rəqibimizin ən böyük hesablı yenilgisi isə 2009-cu ildə Londonda baş verib. Həmin görüşdə Xorvatiya ingilislərə 1:5 hesablı məğlubiyyətdən qaça bilməyib.
1998-ci ildə ilk dəfə qatıldığı dünya çempionatında bürünc mükafatlara sahib çıxan Xorvatiya 4 dəfə də Avropa çempionatının iştirakçısı olub. Ancaq slavyanlar 1996 və 2008-ci ildə keçirilən qitə birinciliklərində yalnız 1/4 finala qədər irəliləyə bilib. Yeri gəlmişkən, Niko Kovaç 1998-ci ildə bürünc mükafatçılar arasında olmayıb. Zədəsinin olması yarımmüdafiəçini mundialsız qoyub. “Bayer”, “Bavariya”, “Yuventus”, Dortmund “Borussiya”sında oynamış kiçik qardaşı Robert Kovaç isə hazırda yığmada onun köməkçisidir. 1998-ci ildə mundialın bombardiri olmuş Davor Şuker isə hazırda ölkə futbol federasiyasının prezidentidir.
Xorvatiya millisinin indiki heyətinin demək olar əksər üzvləri ölkə xaricində çıxış edir. Bunlardan ən məşhurları kapitan Dariyo Srna (Şaxtyor), Luka Modriç (Real) və İvitsa Oliçdir (Volfsburq). Bundan başqa, “Sevilya”da çıxış edən İvan Rakitiç, Kiyev “Dinamo”sunda oynayan Oqnyen Vukoyeviç, eləcə də vaxtilə “Mançester Siti”, “Tottenhem” və “Bayer”in futbolçusu olmuş, hazırda isə Moskva “Lokomotiv”inin şərəfini qoruyan Vedran Çorluka da onlardan heç də məşhurluğuna görə geri qalmır.
Millimiz heç vaxt Xorvatiyanın əsas millisi ilə üz-üzə gəlməyib. Oktyabrın 13-ü saat 23:45-də tərəflər ilk dəfə Xorvatiyada üz-üzə gələcək. Cavab oyunu isə 2015-ci ilin sentyabrın 3-də saat 21:00-da Bakıda olacaq. Millimiz üz-üzə gəlməsə də, klub səviyyəsində bu ölkənin təmsilçiləri ilə qarşılaşmışıq.
Belə ki, “Neftçi” (0:3, 0:1) və “Xəzər Lənkəran” (1:1, 1:3) Çempionlar Liqasının təsnifat mərhələsində bu ölkənin flaqmanı sayılan Zaqreb “Dinamo”su ilə görüşsə də, mərhələ keçə bilməyiblər.
Ölkəmizdə hazırda bu ölkəni təmsil edən 4 xorvatiyalı oyunçu çıxış edir. Bunlar “İnter”dən Matiya Şpiçiç, “Simurq”dan Stepan Polyak, “Bakı”dan Aleksandar Şoliç və “Xəzər Lənkəran”dan Vyekoslav Tomiçdir. “Qəbələ”nin futbolçularından serb Daniyel Subotiç Zaqrebdə doğulubsa, braziliyalı Dodo Xorvatiyanın “İnter”, “Dinamo” və “Lokomotiva” klublarında çıxış edib.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”