AVRO-2016-nın seçmə mərhələsində millimizlə eyni qrupda mübarizə aparacaq və gözümüzü xal almağa dikdiyimiz əsas komanda – Malta futbolda “cırtdan” sayılsa da, tarixi çox uzaqlara gedib çıxır.
Adada futbol federasiyasının əsası 1882-ci ildə qoyulub. Apasport.az saytının xəbərinə görə, maraqlı tarixə malik “cırtdan ölkə”də idmanın bu növünün əsasının qoyulmasında səbəbkar britaniyalılar olublar. Britaniya koloniyalarından başlanan Malta futbolu zaman keçdikcə formalaşsa da, bizim kimi, yerində saymaqdan başqa nəyəsə nail olmayıb.
Millimizin rəqibi beynəlxalq arenada debütünü 1950-ci ildə edib. Avstriya, Tunis və Nigeriya ilə ardıcıl bir neçə yoldaşlıq görüşləri keçirən maltalılar sonuncularla uğurlu heç-heçələr və qələbədən sonra dünya futbol təşkilatına – FİFA-ya üzv olmaq qərarına gəliblər. Beləcə, “cırtdanlar” 1959-cu ildə FİFA, bir il sonra isə UEFA-nın sıralarına qoşulublar. Yeni mərhələyə qədəm qoyan Malta futboluna rəsmi yarışda meydana çıxmaq 1964-cü il Avropa çempionatının seçmə mərhələsində nəsib olub.
28 iyun 1962-ci ildə rəsmi səviyyədə debüt edən adalılar iki oyunlu keçid mərhələsində Danimarka millisinə qarşı forma geyinib və hər iki görüşdə məğlub olaraq (1:6 və 3:1) mübarizəni erkən başa vurublar. Malta ümumilikdə 11 dəfə Avropa çempionatlarının seçmə mərhələlərində iştirak edib və hamısında da sonuncu yeri tutub. Rəsmi oyunlarda cəmi 3 qələbə qazanan ada təmsilçisi Avro-1976-nın seçmə mərhələsində Yunanıstan üzərində tarixi zəfərə imza atıb – 2:0. Ardınca müvafiq olaraq 1984 və 2008-ci illərdə AÇ-lərin seçmə mərhələlərində İslandiya (2:1) ilə Macarıstanı (2:1) məğlub ediblər.
Rəsmi səviyyədə keçirdiyi 82 qarşılaşmanın yalnız 3-nü qazanan maltalılar 11 heç-heçə fonunda 68 məğlubiyyətə üzülüblər. Rəqib qapılarına 42 dəfə yol tapıb, 251-ni buraxan «cırtdanlar» Foqtslu yığmaya bab rəqib sayılmalıdılar. Çünki bizim milli də onlardan geri qalmır. Diqqət çəkən məqamlardan biri Maltanın adının danışılmış oyunlarda hallanmasıdı.
1984-cü il Avropa çempionatının seçmə mərhələsində Niderland və İspaniya ilə eyni qrupda mübarizə aparan yığma «zambaqlar ölkəsi»nin qitə birinciliyinə yolunu kəsib. Necə? İspaniya – Malta duelində «narıncılar»a lazım idi ki, pireneylilər 10 top fərqilə qalib gəlməsinlər, əks halda, final mərhələsinə məhz ispanlar çıxacaqdılar. Lakin niderlandlıların çox illər iddia etdiyi «alver» oyunda İspaniya rəqibinə 12:1 hesabı ilə qalib gələrək yolunu AÇ-nin finalına qədər davam etdirdi. Hazırda heyətində 14-15 futbolçu olan Malta millisi oyunçu sarıdan həmişə korluq çəkib. Çünki digər sahələrdən fərqli, ada dövlətdə futbola maraq yüksək deyil. İtalyan məşqçi Pyetro Gedinin rəhbərliyi altında çıxış edən yığmanın ən tanınmış futbolçusu Daniel Boqdanoviçdir ki, o da İngiltərənin aşağı divizionunda mübarizə aparan dünyanın ilk klubu - «Şeffild Yunayted»in şərəfini qoruyur.
Digər iki legioneri isə Avstraliya və Macarıstan çempionatlarında oynayırlar. Onlardan təcrübəli Con Atkinson «Sentral Kost Mariners», Andre Şembri isə «Ferensvaroş»un uğurları üçün çalışır. FİFA reytinqində hazırda 131-ci pillədə qərarlaşan adalıların ən yaxşı bombardiri 33 yaşlı Maykl Mifsuddur, aktivində 38 qol var. Ən çox oyun sayına görə isə rəqiblərini Deyvid Karabott qabaqlayır – 121 matç.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”