AVRO-2016-da millimizin yer aldığı H qrupunda növbəti rəqib Norveç millisidir. Apasport.az saytının məlumatına görə, bu komanda ilə millimizin öz haqq-hesabı var.
Norveç millisi ilk oyununu qonşu İsveçdə keçirib. 1908-ci ilin iyulun 12-də Göteborq şəhərində baş tutan görüşdə meydan sahibləri Norveçi darmadağın edib – 11:3. 9 il sonra Norveçin bu mənfi rekordu yenilənib. 1917-ci ildə Kopenhagendə keçirilən matçda Danimarka 12:0 qalib gəlməklə norveçlilərin tarixinə düşüb. Rəqibimiz elə ən böyük hesablı qələbəsini də məhz bu nəticə ilə qazanıb. Belə ki, onlar 1946-cı ildə Bergen şəhərində Finlandiyanı topa tutub – 12:0.
Avropanın şimalında İsveç və Danimarkadan sonra gücünə görə 3-cü komanda sayılan Norveç hazırda FİFA reytinqində 60-cı pillədə olsa da, bu yığmanın 2-ci sırada olduğu vaxt da olub. Bu, 1993-cü ilin oktyabr və 1995-ci ilin iyul-avqust aylarına təsadüf edir. İlk dəfə 1938-ci ildə dünya çempionatının iştirakçısı olan vikinqlər mundialda cəmi 3 dəfə iştirak etməsi ilə öyünə bilər. Onlar qitə birinciliyində isə cəmi 1 dəfə - 2000-ci ildə Hollandiya və Belçikada keçirilən Avropa çempionatının iştirakçısı olub. Norveçin yeganə uğuru 1936-cı il Berlin Olimpiadasında bürünc medal qazanmasıdır.
Hazırda Norveç millisini ancaq bu ölkədə tanınan 54 yaşlı Per-Matias Höqmo çalışdırır. Milli tarixinin ən çox qol vuran oyunçusu isə futbolçu olmaqla yanaşı, hüquqşünas, jurnalist və yazıçı olan Yörgen Yuvedir. 1938-ci ildə karyerasını bitirsə də, onun 45 oyuna 33 qol vurması rekordunun yenilənməməsinə səbəb olub. Məhz Olimpiadanın bürünc medalı onun kapitanlığı vaxtında qazanılıb. Ötən il yığma karyerasını bitirən “Fulhem”in sol cinah oyunçusu Yon Arne Riise isə 110 dəfə meydana çıxmaqla rekorda imza atıb. “Fulhem”də çıxış edən kapitan Brede Hanqeland, “Hoffenhaym” və “Ştutqart”ın əslən mərakeşli olan hücumçuları Tarik Elyunussi ilə Mohammed Abdellaue əsas diqqət çəkən futbolçularıdır.
Norveçlə cəmi 1 seçmə mərhələdə üz-üzə gəlmişik. Bu, 1998-ci ildə Fransada keçirilmiş dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində olub. Həmin vaxtlar Norveç futbolunun yüksəliş dövrünə təsadüf edirdi. Millimiz seçmə mərhələnin ilk görüşünü məhz 1996-cı ildə Norveçə qarşı keçirmişdi. İyunun 2-də keçirilən görüşdə norveçlilər millimizi topa tutmuşdu. Təxminən 1 il sonra Bakıda keçirilən matçda da rəqib 3 xalı qazanan tərəf olmuşdu.
Klub səviyyəsində isə Norveç klubları ilə qismən bacara bilirik. Belə ki, 2009/10 mövsümündə “Qarabağ” Avroliqada “Rusenborq”la düşəndə hamı Tronheym klubunun mərhələ keçəcəyini gözləyirdi. Ancaq səfərdə qolsuz heç-heçə edən “Qarabağ” Bakıda Rəşad Sadıqovun cərimə zərbəsindən vurduğu qolla qələbə qazanaraq mərhələ adlamışdı. Cari mövsüm isə “İnter” Avroliqada “Tromsö”nü mərhələdən kənarlaşdırmağa yaxın idi. Ancaq səfərdə 0:2 hesablı yenilgi evdə “bankirlər”in 1:0 qələbəsini heçə endirmişdi.
DÇ-1998-in seçmə mərhələsi
2 iyun 1996. Oslo. Norveç – Azərbaycan 5:0
6 sentyabr 1997. Bakı. Azərbaycan – Norveç 0:1
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”