2015/16 mövsümündə Azərbaycanı avrokuboklarda təmsil edəcək klubların bəziləri meydana müəyyən itkilərlə çıxacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb həmin komandaların heyətində cəzalı futbolçuların olmasıdı.
Söhbət futbolçuların əvvəlki illərdə aldığı qırmızı vərəqə üzündən üzləşdiyi cəzalardan gedir.
İtkilər Avropa Liqasının I təsnifat mərhələsində çıxış edəcək “Neftçi”yə daha çox təsir edəcək.
Paytaxt təmsilçisi ötən mövsüm Serbiya “Partizan”ı ilə pley-off mərhələsinin Bakıdakı oyununda meydandan qovulan 3 oyunçunun xidmətindən məhrumdu.
Bunlar Erik Ramos, Kaue da Silva və Ernest Nfordu. Onlar növbəti avrokubok matçını buraxmalı olacaq. Lakin cənubi amerikalıların cəzaları fərqli olduğundan, onlar müxtəlif vaxtlarda avrokubok həyəcanı yaşamaq imkanı qazanacaq.
Nforla Kaue komandada qalsa, I təsnifat mərhələsinin cavab matçında da iştirak edə bilər. Çünki onların hər ikisi 1 oyunluq cəzalanıb.
Ramos isə avrokubok həyəcanı yaşamaq üçün “Neftçi”nin 2 mərhələ keçməsini gözləməlidi. 4 oyunluq cəzalanan paraqvaylı yalnız III təsnifat mərhələsində oynamaq hüququq qazanacaq.
İsveç “Elfsborq”u ilə II təsnifat mərhələsinin Bakıdakı cavab görüşünün əvvəlində qırmızı vərəqə alan Laşa Salukvadze də cəzalı durumdadı. Gürcüstanlı legioner “İnter”ın qarşıdakı mövsümdə keçirəcəyi ilk 2 matçı buraxmalı olacaq. Bir sözlə, Laşa yalnız II təsnifat mərhələsində oynaya bilər.
Düzdü, cari mövsümün startında cəzalanan 4 oyunçudan bəzilərinin komandasını tərk etməsi də mümkündü. Lakin legionerlər ölkəmizi tərk edib, istənilən kluba keçsə belə cəzaları qalacaq.
Qeyd edək ki, avrokubokların iştirakçısı olacaq “Qarabağ”, “İnter”, “Qəbələ” və “Neftçi”nin yayda transfer edəcəyi futbolçuların da əvvəlki illərdən qalma cəzasının olması mümkündü. “Bakı” məhz belə futbolçunun xidmətindən yararlandığı üçün Monteneqro “Buduçnost”u ilə qarşılaşmada qələbədən məhrum olmuşdu. Həmin vaxt “zolaqlılar” Joel Epallenin cəzalı olmasını bilməyib, texniki məğlubiyyətlə üzləşmişdi.