Avropa çempionatlarının rekordçusu: Azərbaycanla matçda qalib gəlmək şansımız var
11.11.2014 - 15:45
Avropa çempionatlarının rekordçusu: Azərbaycanla matçda qalib gəlmək şansımız var

“Bizi qarşıda iki çox maraqlı oyun gözləyir. Noyabrın 12-də Estoniya, 4 gün sonra isə Azərbaycanla qarşılaşacağıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Norveç milli komandasının futbolçusu Martin Edeqor deyib.

 

Avropa çempionatlarının seçmə mərhələlərində meydana çıxan ən gənc oyunçu kimi tarixə düşən 16 yaşlı yarımmüdafiəçi skandinaviyalıların növbəti iki matçında da komandasının düşərgəsində olacaq.

 

“Stromsqodset” klubunda çıxış edən Edeqor noyabrın 12-də Estoniya ilə yoldaşlıq, 16-da Azərbaycanla AVRO-2016-nın seçmə matçları barədə fikirlərini açıqlayıb: “Düşünürəm ki, hər iki matçda qalib gəlmək şansımız var. Malta və Bolqarıstanla qarşılaşmaların nəticələri bizdə qüvvəmizə inam yaradır. Bu matçlarda meydana çıxa biləcəyimə o qədər də əmin deyiləm. Çünki neçə müddətdi zədədən əziyyət çəkirdim. Lakin hər şeyə qarşıdakı hazırlıqlar aydınlıq gətirəcək”.

 

Qeyd edək ki, Azərbaycan – Norveç qarşılaşması Bakıdakı “Bakcell Arena”da baş tutacaq.