Topaz Premyer Liqasının V turu çərçivəsində qarşılaşacağı “Qarabağ”la oyun öncəsi AZAL-da klub rəhbərliyi komanda ilə görüşüb. Apasport.az saytının xəbərinə görə, vitse-prezident Fikrət Hüseynov məşqçi, futbolçu və texniki heyəti qəbul edib.
Görüşdə Hüseynov rəhbərliyin daim komandanın yanında olduğunu bildirərək növbəti matçlarda da futbolçulara inandığını qeyd edib. Vitse-prezident vurğulayıb ki, kollektivdə gözəl ab-hava var və bunu meydana da sirayət etdirmək, qələbə qazanmaq zəruridir. Hüseynov qeyd edib ki, daim komandanın yanında olan rəhbərlik oyunçuların qayğısına qalır və yarana biləcək hər bir xırda çətinliyi də aradan götürməyə hazırdır.
Ardından söz alan baş məşqçi Tərlan Əhmədov yetirmələrinə inandığını bildirməklə bərabər, onlardan qələbə seriyası yaxalamağı da istəyib. Əhmədov Qəbələdəki nəticənin təsadüf olmadığını və bu nəticəni futbolçuların alın təri ilə qazandığını vurğulayıb. Baş məşqçi “Qarabağ” və “Sumqayıt”la növbəti görüşlərdə də maksimum nəticə gözlədiyini bildirib.
Qeyd edək ki, AZAL “Qəbələ” ilə oyun öncəsi də belə bir iclas keçirmişdi. Məhz onda bunun xeyri olmuşdu. Belə ki, “təyyarəçilər” səfərdə güclü rəqibinə 2:1 hesabı ilə qalib gəlməklə mövsümdə ilk qələbəsini qazanmışdı.