Futzal üzrə Azərbaycan millisinin İranda çıxış etdiyi “4 Top Nations” beynəlxalq turniri ənənəvi xarakter daşıya bilər. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Mini Futbol Assosiasiyasının prezidenti Emil Əliyev deyib.
O bildirib ki, Azərbaycan, Rusiya, Qazaxıstan və İran yığmalarının mübarizə apardığı turnirin hər il bir ölkədə baş tutması planlaşdırılır. Əliyevin başçılıq etdiyi qurum təşəbbüskarı olduğu yarışın ənənəyə çevrilməsi üçün çalışır: “Bu məsələyə 2018-ci ilin mayında qayıdacağıq. Qazaxıstanın 2018-ci ilin dekabrında belə turniri keçirməyə hazır olduğunu təsdiqləməsini gözləyirik. İstəyirik ki, 2019-cu ildə turniri Rusiyada, 2020-ci ildə Azərbaycanda təşkil edək”.
Qeyd edək ki, İrandakı turnirdə meydan sahibləri 1-ci, Rusiya 2-ci, Azərbaycan 3-cü, Qazaxıstan sonuncu yeri tutub.