Azərbaycan Braziliyadan sonra ikinci oldu
11.09.2014 - 08:27
Azərbaycan Braziliyadan sonra ikinci oldu

Türkiyə çempionatının I liqasında çıxış edən futbolçuların sayına görə Azərbaycan liderlər sırasındadır. Apasport.az saytının məlumatına görə, qonşu ölkə mətbuatı aşağı dəstədə çıxış edən legionerlərlə bağlı hesabat dərc edib.

 

Həmkarlarımız I liqa təmsilçilərinin ümumilikdə 31 ölkədən gələn 64 legionerin çıxış etdiyini iddia edir. Azərbaycan bu ölkələr arasında 2-ci pillədə qərarlaşıb. 8 futbolçusu olan Braziliya bizi cəmi 1 oyunçu üstələyir. Belə ki, həmkarlarımız I liqada 7 azərbaycanlının olduğu qənaətindədir. 3-cü yerdə isə 5 futbolçu ilə aşağı dəstədə təmsil olunan Serbiya qərarlaşıb.

 

Türkiyəlilərin hesablamaları ilə müəyyən mənada razılaşmamaq olar. Çünki Azərbaycan təmsilçilərinin bu çempionatdakı sayı 9 kimi qəbul olunur. Amma həmkarlarımız yığmalarımızda oynamış iki milliləşən legionerimizi əcnəbi statusu ilə qəbul etmir. Belə ki, Ufuk Budak və Timur Təməltaş Türkiyə vətəndaşı statusu ilə I liqada oynayır.

 

Onların Azərbaycan təmsilçisi sayılmaması isə Braziliyadan geri qalmağımızla nəticələnib. Bu cütlük 64 legioner sırasına daxil edilmir. Siyahıda olan təmsilçilərimiz isə Vaqif Cavadov, Rəhman Hacıyev (hər ikisi “Qaziantep BB”), Mahir Şükürov (“Karşıyaka”), Rail Məlikov (“Dənizlispor”), Cavid İmamverdiyev (“Elazığspor”), Branimir Subaşiç (“Manisaspor”), Ayaz Mehdiyev (Girəsunspor”) sayılır.

 

Qeyd edək ki, Azərbaycan yığmalarında forma geyən Budak (“Qaziantep BB”) və Təməltaş (“Altınordu”) Almaniyada anadan olan türklərdir.