Azərbaycan üzərində qələbələrlə pley-offa
12.10.2016 - 10:03
Azərbaycan üzərində qələbələrlə pley-offa

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, final mərhələsinə 9, pley-offa 4 vəsiqənin sahibi müəyyənləşib.

 

Çexiya, Danimarka, İngiltərə, Makedoniya, Almaniya, İtaliya, Portuqaliya, Slovakiya və İsveç qrup qalibi kimi gələn il Polşada təşkil olunacaq yarışda oynamaq hüququ qazanıb. Seçmə mərhələdə Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparan Bundestim 100 faizlik nəticə göstərən yeganə komanda kimi rekord vurub. Almaniyalılar VII qrupda keçirdiyi 10 matçın hamısında qələbə qazanıb.

 

Pley-offa isə qrup ikinciləri arasında ən yaxşı nəticəyə malik 4 komanda yüksəlib. Bunlar Avstriya, Norveç, Serbiya və İspaniyadı. Yığmamızın qrupunda çıxış edən Avstriya millimiz üzərində qələbələr (7:0, 2:0) sayəsində pley-offa çıxıb. Yığmamız bu rəqibdən 1 xal belə alsaydı, ən yaxşı ikincilər sırasında İsrail olacaqdı.

 

Qeyd edək ki, pley-offun püşkatması oktyabrın 14-də atılacaq. Bu mərhələnin qarşılaşmaları noyabrın 7-də və 15-də baş tutacaq. 12 komandanın qatılacağı final mərhələsi gələn il iyunun 16-30-da keçiriləcək.

 

 

0