Martın 5-də yoxlama oyununda 1:0 hesabı ilə məğlub etdiyi Filippin Azərbaycan millisinin tarixinə 63-cü rəqib kimi düşüb. Apasport.az saytının məlumatına görə, “Küçə itlər”i ilə duelədək yığmamız keçirdiyi 203 oyunda 62 rəqiblə qarşılaşmışdı.
Filippin yığmamızla qarşılaşan 17-ci Asiya təmsilçisidir. Bu komandaya qədər yığmamız bu qitənin futbol konfederasiyasına daxil olan 16 milli ilə görüşmüşdü: BƏƏ, Bəhreyn, Fələstin, Hindistan, İordaniya, İran, İraq, Küveyt, Oman, Özbəkistan, Qətər, Qırğızıstan, Sinqapur, Tacikistan, Türkmənistan, Yaponiya.
Artıq mayın 27-dəki yoxlama oyununda rəqibimiz olacağı dəqiqləşən ABŞ da bu siyahıda yeni ad olacaq. Amerikalılar yığmamızın ümumilikdə 64-cü rəqibidir. 44 Avropa və 17 Asiya təmsilçisi ilə görüşən komandamız hələlik bu materikdən kənardan 2 rəqiblə üz-üzə gəlmişdi. KONKAKAF zonasının təmsilçiləri Trinidad və Tobaqo, Hondurasla görüşən futbolçularımız üçün ABŞ 3-cü Amerika komandası olacaq.
Hondurasla Avstriyada görüşən millimiz ada təmsilçisi ilə səfərdə qarşılaşmışdı. ABŞ-la da rəqib meydanında üz-üzə gələcək yığmamız tarixində 2-ci dəfə okeanın o tayına səfər edəcək. 9 il əvvəl - 2005-ci ilin yanvarında adaya yollanan millimiz 2 dəfə uduzmuşdu – 0:1 və 0:2.