Azərbaycanda fərqləndi, Levandovskini kölgədə qoydu
26.02.2014 - 15:55
Azərbaycanda fərqləndi, Levandovskini kölgədə qoydu

“Rəvan”ın polşalı qapıçısı Lukas Sapela daha bir uğura imza atıb. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XXIII turunun “Qəbələ” ilə görüşündə 2 penalti dəf edən, sonra qırmızı vərəqə alan legionerin qəhrəmanlığı vətənində də diqqətdən kənar qalmayıb.

 

Belə ki, Polşada ötən həftənin ən yaxşı futbolçusu ilə bağlı sorğuda Sapelanin da adı namizədlər sırasına düşüb. Lukas istər yerli, istərsə də xarici klublarda çıxış edən 17 ən yaxşı polşalıdan biri kimi respondentlərin ixtiyarına buraxılan siyahıya daxil edilib.

 

Davam etməkdə olan səsvermədə artıq kifayət qədər səs toplayan qolkiper legionerlər arasında ən yaxşı ola bilər. Bunun üçün Lukas əsas rəqibi Voytsex Şesnını qabaqlamalıdır. Ümumi siyahının lideri isə Polşada çıxış edən Martin Robakdır.

 

Qeyd edək ki, Sapelanın daxil olduğu namizədlər siyahısına hətta Almaniya “Borusiya”sının ulduzu Robert Levandovski də düşə bilməyib.