Bahodir Nasimov: Allah eləsin ki... - MÜSAHİBƏ
13.03.2014 - 13:30
Bahodir Nasimov: Allah eləsin ki... - MÜSAHİBƏ

“Neftçi” klubunun hücumçusu Bahodir Nasimovun apasport.az saytına müsahibəsi

 

- Son oyunlarda özünüzü yaxşı tərəfdən göstərirsiniz. Əvəzedici heyətdə çıxış etmək xeyrinizə işlədi?

- Əlbəttə. Futbolçu nə qədər çox oynasa, bir o qədər yaxşı forma yığar. Adam ehtiyatda qaldıqca, paslanır. Xüsusən də, hücumçunun qol duyumu itir.

 

- Topaz Premyer Liqasının XXV turunda səfərdə “Qəbələ”yə qalib gəldiyiniz matçda (2:1) 2 qol vurdunuz, Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda isə “İnter”ə qarşı yaxşı çıxış etdiniz. Bu matçlar barədə nə deyə bilərsiniz?

- Fərqli, hərəsinin öz çətinlikləri olan qarşılaşmalar idi. Qəbələdə diktə edən tərəf idik və layiqli qələbə qazandıq. Komandamızın hər iki qolunu vurmağım isə öz yerində. “İnter”lə kubok görüşündə də qalib gələ bilərdik. Təəssüf ki, hesabda irəlidə olsaq da, son dəqiqələrdən qələbəni əldən verdik.

 

- Ancaq kubokda səfər matçında 1:1 hesablı heç-heçəni sərfəli nəticə saymaq olar, razısınız?

- Bəli. Amma qalib gəlsəydik, daha yaxşı olardı. Rahatlaşmaq olmaz, ciddi hazırlaşmalıyıq. “İnter” xarakterli komandadır.

 

- “İnter”dən öncə ölkə çempionatında AZAL-a qarşı oynayacaqsınız...

- AZAL da yaxşı komandadır. Onların turnir cədvəlində qərarlaşdıqları yerə aldanmaq olmaz.

 

- Baş məşqçini Böyükağa Hacıyev hazırda hücumçular arasında daha çox sizə bel bağladığını söyləyib. Bu, həm də böyük məsuliyyət deməkdir. Onu məyus etməkdən qorxmursuz?

- Əlimə düşən fürsətlərdən maksimum yararlanmağa çalışıram. Allah eləsin ki, hər oyunda fərqlənim.

 

- Hələlik bombardirlik yarışında digərlərindən geri qalırsınız...  

- Hücumçunun işi qol vurmaqdır. Düşünürəm ki, hücumçu mövsüm ərzində minimum 14-15 qol vurmalıdır. Ancaq önəmli olan komandanın qalib gəlməsidir. Yəni, vurulan qol yekun hesabda komanda üçün faydalı olmalıdır.

 

- “Neftçi”nin çempion titulunu qoruyacağı nə dərəcədə realdır?

- İrəlidə hələ 11 tur var, bu isə 33 xal deməkdir. Liderlər aramızda 10 xallıq fərq var. Bu kəsiri aradan götürmək olar. Fikrimcə, 4-5 oyundan sonra mənzərə bir qədər aydınlaşacaq.   

0