Futbol üzrə Azərbaycan Milli komandasının almaniyalı baş məşqçisi Berti Foqts oyundan sonra jurnalistlərə açıqlama verib. Apasport.az saytının Birləşmiş Ərəb Əmirliyində olan müxbirinin verdiyi məlumata görə, Foqts qələbədən razı olsa da, oyandan narazı qaldığını vurğulayıb.
Baş məşqçi bildirib ki, oyunçular hücum qura bilməyiblər: “Yersiz səhvlər edirdik. Müdafiədə də səhvlər var idi. Şadam ki, ilk yoxlama oyununda qələbə qazandıq. Bundan sonra mayda iki, avqustda bir yoxlama oyunu keçirəcəyik”.
Foqts Ruslan Abışovun oyunundan razı qalmadığını vurğulayıb: “O özü nəyə görə əvəzləndiyini bilir. Özü də oyunundan razı deyildi. Onu bağışlamaq olar”.
Millimizin baş məşqçisi yeni oyunçular və planlar barədə də danışıb: “Heyətdə yeni futbolçular var idi. Bu gün 3 futbolçu millidə debüt etdi. Seçmə mərhələnin oyunlarında dəyişikliklər ediləcək. Bədəvi Hüseynovu dayaq yarımmüdafiəçisi mövqeyində oynatmaq istəyirəm. Heyətə dəvət olunmayan oyunçuların bu oyunda heç birinin yeri görünmədi”.