Biro Jade: Sloveniya əks hücumlarda çox təhlükəlidir - MÜSAHİBƏ
30.01.2014 - 16:00
Biro Jade: Sloveniya əks hücumlarda çox təhlükəlidir - MÜSAHİBƏ

Futzal üzrə Azərbaycan yığmasının üzvləri dünən Avropa çempionatının final mərhələsi çərçivəsində qrupumuzda keçirilən Sloveniya - İtaliya qarşılaşmasını izlədilər. Sloveniyanın 3:2 hesablı qələbəsindən sonra millimizin təcrübəli oyunçularından olan Biro Jade apasport.az saytının Belçikaya ezam olunan əməkdaşının suallarını cavablandırıb.

 

- Rəqiblərin oyununu izlədiniz. Necə təsir bağışladılar?

- Sloveniyanı təbrik edirəm. Yaxşı oynadılar. Komanda sırf müdafiədə oturmadı. Əks hücumlarda çox təhlükəli idilər. Hətta 2 epizodda bəxtləri gətirmədi. Üçüncü qolu vuran zaman isə qapı boş idi. Bundan istifadə etdilər. Çox təhlükəli komandadır.

 

- Hesabın bu cür olacağını gözləyirdinizmi?

- Bu oyunun həm Sloveniya, həm də İtaliya üçün çətin və ağır keçəcəyini bilirdik. Hesabı gözləyirdimmi? Oyunların startı göstərir ki, mümkünsüz heç nə yoxdur. Məsələn, İspaniya kimi komanda Xorvatiya ilə heç-heçə oynadı. Hansı ki, ispanlar 2004-cü ildən sabit çıxışları ilə yadda qalıb.

 

- Sloveniya ilə görüşdə əsasən nəyə fikir verməliyik?

- Çox diqqətli olmalıyıq. Top itkisinə, bəsit səhvlərə yol verməməliyik.

 

- Millimizin şansını necə dəyərləndirirsiniz?

- Şansımız böyükdür. Amma hər şey ilk oyundan asılı olacaq. Sloveniya ilə görüşün nəticəsi çox suallara aydınlıq gətirəcək. Diqqətli olmalı, arxayınlaşmamalıyıq. Bunu etməsək, evə erkən dönəcəyik.

 

- Necə düşünürsünüz, komandamız Avropa çempionatına hazırdırmı?

- Çox yaxşı hazırlıq keçirdik. Fikrimcə, hazırıq. Son iki yoxlama oyununda qələbə qazandıq. Futzalçılarımız sərbəst idilər. Hansısa təzyiq yox idi. Birinci oyunda yaxşı nəticə qazanmalıyıq. Sloveniya xüsusi komandadar. Müdafiəsi güclü, əks-hücumları isə təhlükəlidir. Asan olmayacaq. Heç bu haqda düşünmək də olmaz. Rəqibi düzgün dəyərləndirməsək, 2-3 gündən sonra evə gedəcəyik.